Sonuncu yenilənmə tarixi: 1 ay öncə
Xarici diplomların tanınması məsələsi xaricdə təhsil alan və ya təhsili planlaşdıran yoldaşları ən çox narahat edən mövzulardan biridir, bəlkə də ən birincisidir. Tanınma məsələsi bir qədər qarışıq görünsə də, əsas məqamlara diqqət yetirərək narahatlığı aradan qaldırmaq olar.
İlk öncə istərdim ki, diplomun tanınmasının önəmi barədə danışaq.
Xarici diplomun tanınması önəmlidirmi?
Xarici diplomun tanınmasının önəmliliyini həm “hə”, həm də “yox” kimi cavablandırmaq tələbənin planlarından asılıdır. Planları isə aşağıdakı qeyd olunan punktlarla qısa izah edim:
- tələbə dövlətə bağlı olan qurumlarda karyera qurmağı hədəfləyirsə;
- təhsil müəssisələrində (özəl və ya dövlət) pedoqoji fəaliyyətlə məşğul olmağı planlaşdırırsa;
- Azərbaycanda növbəti təhsil pilləsinə müraciət etmək istəyirsə;
- hərbi xidmətdən keçmə müddətini 1 ilə endirmək istəyərsə (xaricdə bakalavr təhsili almış kişi tələbələr üçün);
və bu kimi digər hallar nəzərə alındıqda diplom tanınmasının labüdlüyünü qeyd etməliyik.
Yox, əgər ki, tələbənin planı özəl sektorda karyera qurmaqdırsa (və ya hərbi xidmət kimi sıxıntısı yoxdursa), tanınma barədə düşünməyə bilər. Çünki özəl şirkətlər, adətən xarici universitet tərəfindən verilmiş diplomu dövlət tərəfindən tanınma olmadan da belə qəbul edə bilirlər.
Xarici diplomların tanınması üçün əsas şərtlər
Tələbə xaricdə yerləşən universiteti seçməmişdən öncə bir neçə əsas şərtə diqqət etməlidir ki, təhsili bitirdikdən sonra onun diplom tanıma prosesində bir sıxıntı çıxmasın. Əsas nüanslara bir yerdə baxaq.
Universitetin akkreditə olunması
Elm və Təhsil Nazirliyi, o cümlədən xarici diplomların Azərbaycanda tanınmasını həyata keçirdən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) öz rəsmi saytında bildirir ki, tanınan universitetlərin siyahısı qurum tərəfindən müəyyənləşdirilməmişdir. Yəni, tələbə xarici diplomların tanınması məsələsini düşünərkən universitet və ölkə seçimində sərbəstdir. Universitet və ölkə seçimi sərbəst olsa da, diqqət olunası əsas məqam planlaşdırılan universitetin öz ölkəsində (məsələn, Çexiyanın Masarik Universitetinin Çexiyada tanınması) tanınması ilə bağlıdır. Hər iki qurumun tövsiyə etdiyi ENIC-NARIC bazasından akkreditə olunan, yəni öz ölkəsi tərəfindən rəsmən tanınan universitetlərin siyahısını əldə etmək mümkündür. Universitetin akkreditə olunması diplomun tanınması demək deyil. Keçək, ikinci əsas hesab olunan şərtə.
Təhsil forması
İkinci ən mühüm nüans tələbənin təhsil aldığı forma ilə bağlıdır. “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması QAYDALARI“-nın 4.1.5-ci abzasına əsasən tələbə tədris müddətinin azı üçdə ikisini ənənəvi təlim metodlarına əsaslanaraq formal təhsil əldə etməlidir. Yəni, bu o deməkdir ki, tələbənin distant təhsil forması ilə əldə etdiyi diplom Azərbaycan ərazisində rəsmən tanınmır.
Qiyabi formada təhsil alan tələbələrin diplomları Ukrayna və Rusiyaya məxsusdursa və digər tanınma şərtləri də yerinə yetirilərsə, Azərbaycan ərazisində rəsmi şəkildə tanına bilər.
Xarici ölkə ərazisində yaşamaq
“Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması QAYDALARI“-nın 4.1.4-cü abzasına əsasən tələbə təhsil müddətinin ən azı yarısını ölkə ərazisindən kənarda, yəni təhsil aldığı ölkədə keçirməlidir. Lakin, nəzərə almaq lazımdır ki, bu güzəşt tibb üzrə təhsil alan tələbələrə şamil olunmur. Dolayısıyla, tibb təhsili alan tələbələr təhsil müddəti boyunca təhsil aldığı ölkədə olmalıdırlar ki, diplom tanınma zamanı problem yaşamasınlar.
Burada bir istisna hal mövcuddur. Xarici ölkə ərazisində yaşamaq şərti bakalavr və magistratura dərəcələri üçün keçərlidir. Doktorantura dərəcəsinin (elmi adların) Azərbaycan Respublikasında tanınması “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 7-ci hissəsi ilə tənzimlənir ki, bu qanunvericilik aktında da ölkə xaricində yaşamaq şərti nəzərdə tutulmur.
Düzgün sənədləşmə
TKTA-nın rəsmi səhifəsində qeyd olunduğu kimi müəyyən təhsil sənədləri diplom tanınmasına müraciət olunan qədər hazırlanmalıdır. Burada ən önəmli nüans budur ki, diplom və diplom əlavəsinin leqallaşması (və ya apostil şəhadətnaməsi ilə təsdiqlənməsi) zamanı 2 nüansa diqqət olunsun. Birinci nüans budur ki, leqallaşma (və ya apostil şəhadətnaməsi) mütləq rektorun adından aparılsın. İkinci nüans isə diplom və diplom əlavəsinin ayrı-ayrılıqda leqallaşması (və ya apostil şəhadətnaməsi ilə təsdiqlənməsi) ilə bağlıdır. Bəzi hallarda eyni leqallaşma sıxıntı yaratdığı üçün ayrı-ayrılıqda (yəni, ayrı nömrələr ilə) leqallaşma tövsiyə olunur.
Əlavə məlumat üçün qeyd edim ki, çox vaxt eşidilən apostil şəhadətnaməsi də leqallaşmanın bir növü sayılır. Məsələ budur ki, apostil şəhadətnaməsi yalnız Haaqa Apostil Konvensiyasını imzalayan ölkələr arasında keçərlidir. Əgər təhsil alınmış ölkə bu siyahıda deyilsə, bu zaman diplom və əlavə həmin ölkənin qanunvericiliyinə uyğun olaraq leqallaşdırılmalıdır. Leqallaşma mütləqdir, yəni leqallaşma olmadığı halda diplom tanına bilməz.
Universitetin reytinqi
Əvvəlcədən qeyd edim ki, reytinq bir qədər tövsiyə xarakterlidir, yəni şərt deyil.
TKTA xarici təhsil müəssisəsinin bir sıra reytinq saytlarında yer almasının tərəfdarıdır və istinad edə biləcəyəmiz müəyyən mənbələr var ki, burada universitetlərin reytinqi, dolayısıyla təhsil keyfiyyəti barədə də məlumat əldə edə bilirik. Bu mənbələr Times Higher Education World University Rankings, QS World University Rankings, Academic Ranking of World Universities (Shanghai Ranking) və digərləridir. Tövsiyə olunur ki, tələbə universiteti seçərkən çalışmalıdır ki, həmin universitet heç olmazsa, bu saytlarda olan siyahıda yer alsın. Siyahıda olmazsa, bu o demək deyil ki, diplom tanınmaz. Sadəcə, işi asanlaşdırmaq üçün reytinqə fikir verməkdə fayda var.
İxtisas ekvivalentliyinin qorunması
İxtisasların ekvivalentliyi deyəndə onun Azərbaycanda keçirilən ixtisaslarla bərabər, yəni eyni olması kimi başa düşülməlidir. Yəni, tələbə, hansısa bir xarici və öz ölkəsi tərəfindən tanınan universitetdə (hətta reytinqli olsa belə) istənilən ixtisasda təhsil ala bilməz. Tələbə magistratura planlaşdırırsa, o zaman bakalavr ixtisasına uyğun olaraq qanunla müəyyənləşmiş magistatura ixtisaslarından birini seçmək hüququna malikdir. Eyni zamanda, bakalavr ixtisasının qanunla müəyyənləşmiş qaydada düzgün seçilməsi önəmlidir. Çünki tələbə xarici universitetdə bakalavr ya magistratura təhsili alıb, Azərbaycana qayıtdıqdan ona diplom tanınması barədə veriləcək şəhadətnamədə qeyd olunur ki, xaricdə aldığı təhsil Azərbaycanda tədris olunan hansı ixtisasa bərabərdir, vəssalam.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi 2021-ci ilin noyabr ayında elan etdiyi dəyişikliyə əsasən, artıq bakalavriat ixtisası üzrə bir ixtisasa yiyələnmiş məzunlar, magistratura üzrə fərqli bir ixtisasda təhsil ala bilərlər. Amma, burada əsas məqam odur ki, magistratura ixtisası Azərbaycanda olan hansısa bir magistratura ixtisasına ekvivalent (bərabər) olmalıdır.
Diplomlar hansı halda tanınmır?
“Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması QAYDALARI“-nın 4.1-ci yarımbəndində qeyd olunan tələblər yerinə yetirilmədikdə diplomların tanınmasına mənfi rəy verilir. Qısa olaraq aşağıdakı şərtlər yerinə yetirilmirsə, tələbənin diplomu Azərbaycan ərazisində tanınmır:
1. Ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda (3.10.2-ci abzas);
Məsələn, hansısa bir ölkədə tədris olunan əyani təhsil müddəti ilə (və ya kredit sayı ilə) Azərbaycandakı tədrisdə ciddi fərq varsa və ya tələbənin ixtisası Azərbaycanda tədris olunan hansısa bir ixtisas uyğun gəlmirsə.
2. Təhsil müəssisinin öz ölkəsi tərəfindən akkreditasiyadan keçməməsi və dövlət lisenziyasının olmaması (4.1.1-ci abzas);
Məsələn, hansısa bir universitetin öz dövləti tərəfindən olaraq tanınmaması (hətta tələbə qəbul edib, diplom versə belə).
3. Təqdim olunan diplomun həqiqi olmaması, yəni saxta olması (4.1.2-ci abzas);
4. Müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməməsi (4.1.3-cü abzas);
Məsələn, bir ölkədə verilən diplomun adı həmin ölkənin qanunvericiliyinə uyğun gəlmir.
5. Tələbənin təhsil müddətinin yarıdan çoxunu xarici ölkə ərazisində yaşamaması (tibb istiqaməti istisna) (4.1.4-cü abzas);
Məsələn, tələbə akademik il ərzində cəmi 1 ay ölkə xaricində yaşayıb.
6. Tələbənin təhsil formasının düzgün seçilməməsi (4.1.5-ci abzas).
Məsələn, tələbə distant təhsil alıb.
Qeyd
Tələbə fors-major hallarına əsaslanaraq (məsələn, təbiət hadisələri, dövlətlərarası münaqişələr və s.) əyani formadakı təhsilini distant formada alırsa (davam edirsə), bu zaman ölkə xaricində yaşamaq tələbi qüvvəsini itirə bilər. Məsələn, pandemiya zamanı xarici ölkədə təhsil alan tələbələr məcburi şəkildə təhsillərini Azərbaycanda onlayn şəkildə davam etdirdiklərinə baxmayaraq, onların diplomları dövlət tərəfindən rəsmi olaraq tanınmışdır.
İstinad olunan mənbələr:
1. “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması QAYDALARI”. Keçid: https://e-qanun.az/framework/54957
2. “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın təsdiq edilməsi haqqında NK-nın qərarı. Keçid: https://e-qanun.az/framework/19531
3. Tanınma qaydalarına dəyişiklik edilib. Keçid: https://edu.gov.az/az/announcements/19570-1
4. Xarici təhsil sənədlərinin tanınması. Keçid: https://tkta.edu.az/p/nostrify-your-diploma-201
5. Öz ölkəsi tərəfindən tanınan universitetlərin siyahısı. Keçid: https://www.enic-naric.net/higher-education-institution.aspx