Sonuncu yenilənmə tarixi: 2 il öncə
Xaricdə bakalavr təhsili yazısında toxunmaq istədiyim bir neçə məqam var. Xaricdə bakalavr təhsili üçün ölkə seçimindən tutmuş sənədləşmə işlərinə qədər əsas nüanslara aydınlıq gətirmək istərdim.
Bakalavr təhsili üçün ölkə seçimi
Almaniyada bakalavr və studienkolleg yazısında qeyd etmişdim ki, Azərbaycanın 11 illik attestatı ilə Almaniyada birbaşa bakalavr təhsilinə başlamaq mümkün deyil. Səbəb isə iki ölkənin tam orta təhsil müddəti arasında olan fərqlə bağlıdır. Elə bakalavr təhsili üçün ölkə seçimində məhdudiyyətlər də bununla bağlıdır. Tələbə birbaşa bakalavr təhsilinə başlamaq istəyirsə, bu zaman Azərbaycanın təhsil sistemi ilə uyğunluq (bakalavra birbaşa başlamaq mənasında) təşkil edən ölkələrdən seçim etməlidir. Məsələn, Polşa, Litva, Latviya, Estoniya, Macarıstan və ya Çexiya birbaşa bakalavr başlamaq üçün məhdud seçimlərdən hesab olunur.
Digər bir məsələ isə həmin ölkəyə viza almaq və yaşamaqla bağlıdır. Məsələn, Estoniya ölkədə tək yaşamaq üçün minimum 18 yaş tələb edir. Latviya isə hüquqi qəyyum olacağı halda tələbənin 18 yaşına qədər ölkədə yaşamasına problem yaratmır. Polşa, Litva və Çexiya isə ümumiyyətlə yaşı problem etmir. Yəni, tələbə 18 yaşı tamam olmayıbsa belə, həmin ölkələrdə tək (valideyn və ya qəyyum) olmadan yaşaya bilər.
Müraciət üçün tələblər
Xaricdə bakalavr təhsili almaq üçün tələb olunan sənədlər adətən aşağıdakılardan ibarət olur:
- Attestat və ya son sinifdə oxumaqla bağlı arayış
Əgər şagird məktəbi bitiribsə, bu zaman attestat apostil ştampı ilə möhürlənir və daha sonra ingilis dilinə (və ya tələb olunan digər dilə) tərcümə və təsdiq olunur. 11-ci sinifdə oxuyan şagirdlər isə son sinifdə oxumaqla bağlı arayış alır. Adətən həmin arayışda şagirdin bitirəcəyi tarix də qeyd olunur. Arayış isə adətən sadəcə tərcümə və təsdiq (əgər arayış ingiliscə deyilsə) olunaraq hazır vəziyyətə gətirilir.
- Qiymət cədvəli
Attestatda qiymətlər olduğu üçün bir sıra hallarda qiymət cədvəli ayrı bir sənəd kimi tələb olunmur. Əgər şagird hələ də məktəbdə oxuyursa, bu zaman son sinfin qiymət cədvəli tələb olunur. Son sinfin imtahanları verilmədiyi və qiymətləri bilinmədiyi halda isə, 9 və 10-cu sinfin qiymətləri tərcümə və təsdiq olunduqdan sonra universitetə təqdim oluna bilər.
- DİM və ya SAT nəticəsi
Görünən budur ki, xaricdə yerləşən universitetlər maksimum dərəcədə imtahansız qəbullardan yayınmağa çalışırlar. Bu baxımdan, şagird Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanlarında iştirak etməlidir ki, xaricdə bakalavra müraciət üçün problemlər yaşamasın. Bəzi hallarda, hətta müraciət üçün müəyyən bal tələbi də qoyulur. Məsələn, Litvanın Mikolas Romeris Universiteti attestat ilə bərabər TQDK və ya DİM (ixtisasa görə 350+) nəticəsini də tələb edir. TQDK və ya DİM nəticəsi yoxdursa, SAT ilə də müraciət etmək olar. DİM və ya SAT tələbi bütün ölkələrə aid deyil. Polşa və Latviyanın əksər universitetləri rəsmi imtahan nəticəsi olmadan da müraciətləri qəbul edir.
- Dil biliyinin sertifikatı
Şagirdin dil biliyi sertifikatının olması çox böyük üstünlükdür. Çünki, sertifikat olmadan müraciət zamanı şagird öz seçimlərini həqiqətən də, məhdudlaşdırır. Əgər şagird məktəbi ingiliscə oxuyursa və ya bitiribsə, sadəcə bir arayış təqdim etməklə dil biliyini sübut etmək olar. Azərbaycan dilində təhsil alan şagirdlər isə intervyu (bütün universitetlərə aid deyil) və ya hər hansı bir beynəlxalq sertifikat ilə universitetə müraciət edə bilər. Bakalavr üçün tələb olunan dil biliyi isə adətən IELTS 5,5/6,0 və ya ekvivalenti səviyyəsində olur.
- Pasport və şəkil
Universitetlərə müraciət zamanı xarici pasport və formal şəkil də tələb olunur. Əgər şagirdin xarici pasportu yoxdursa, alternativ kimi şəxsiyyət vəsiqəsindən istifadə oluna bilər. Praktikada az rastlansa da, bir sıra hallarda universitetlər müvəqqəti olaraq şəxsiyyət vəsiqəsini (tərcüm və təsdiq olunduqdan sonra) də qəbul edə bilirlər. Məsələn, son müraciət tarixini keçməmək üçün şagird vəsiqə ilə müraciət edə və daha sonra qəbul prosesini pasport ilə davam etdirə bilər. Pasportun mütləq şəkildə təqdim olunmalıdır ki, sonda vizaya müraciət etmək mümkün ola bilsin.
- Referans, niyyət məktubları və CV
Bakalavrı xaricdə oxumaq istəyən şagirdləri maraqlandıran sənədlərin içərisində referans, niyyət məktubları və CV də var. Yuxarıda qeyd etdiyim ölkələrin əksər universitetləri bu sənədlərə bir o qədər də əhəmiyyət vermir. Bu kimi sənədlər adətən təqaüdə müraciət zamanı tələb olunur. Xüsusilə, niyyət məktubu (bəzi hallarda motivasiya məktubu adlanır) təqaüdə müraciətdə ağır çəkiyə sahibdir. Qeyd etdiklərimə baxmayaraq, işi şansa buraxmayıb, bu sənədləri hazırlamaqda da fayda var.
- Əlavə sənədlər
Əlavə sənədlər universitet və ixtisasın xüsusi tələblərinə görə dəyişə bilər. Məsələn, Polşanın Krakov Texniki Universiteti Kimya mühəndisliyinə müraciət edərkən “Sağlamlıq haqqında arayış” tələb edir. Amma bu arayış, Polşanın Qdansk Universitetinin Maliyyə analisti ixtisası üçün tələb olunmur. Eyni ölkə olmaqlarına baxmayaraq, ixtisas və universitetə görə hər hansı bir sənəd əlavə olaraq tələb oluna bilər.
Xaricdə bakalavr və hərbi çağırışa möhlət
Xaricdə bakalavr təhsili ilə bağlı digər bir nüans isə Azərbaydan məcburi hesab olunan hərbi xidmətlə bağlıdır. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunun 3-cü Maddəsinə əsasən yaşı 18-ə çatmış hər bir kişi vətəndaş həqiqi hərbi xidmət keçməlidir. Hərbi xidmətə möhlət və çağırışdan azadetmə məsələsi də qanun çərçivəsində həll olunur. Bakalavr təhsilinə başlayan hər bir vətəndaş təhsil müddəti qədər hərbi xidmətdən azad hesab olunurlar. Bu qayda xaricdə təhsilə başlamış və təhsil alan vətəndaşlara da şamil olunur. Sadəcə, universitetin verdiyi ilkin qəbul sənədi (Pre-acceptance letter) və ya qəbul məktubunu (Acceptance letter) azərbaycan dilinə tərcümə və təsdiq etdirib hərbi kommisarlığa təqdim etmək lazımdır. Yadda saxlamaq lazımdır ki, hərbi xidmətdə möhlət hüquq ikinci dəfə bakalavr təhsili almaq istəyənlərə aid deyil.
Maddi öhdəlik və valideyn icazəsi
Nəzərə alsaq ki, bakalavr təhsilinə başlayan şagirdin yaşı adətən 18 tamam olmur, bu zaman maddi öhdəlik və valideyn icazəsi barədə də bir neçə məqamı qeyd etmək yerinə düşərdi. Vizaya müraciət edərkən səfirlik bakalavra başlayan tələbənin maddi öhdəliyi barədə sənəd tələb edir. Bu sənəd isə valideyn və ya qəyyum tərəfindən verilə bilər. Bu sənəd ona görə lazımdır ki, səfirlik tələbənin maddi xərclərinin rəsmi olaraq kim tərəfindən təmin olunduğunu görmək istəyir. Maddi öhdəlik barədə sənəd bir valideyn tərəfindən verilsə, kifayət edir.
Digər bir sənəd isə hər iki valideynin icazəsi ilə bağlıdır. Bu sənəd adətən Azərbaycan sərhədini keçərkən tələb olunsa da, bəzən səfirlik də viza verilməsi üçün bunu tələb edə bilər. Sənəd qısaca olaraq, şəxsin (ancaq 18 yaşına çatmayanlar üçün) özünü təmsil etməyi, səyahət etməyi ilə bağlıdır. Maddi öhdəlik sənədindən fərqli olaraq, valideynin icazə sənədi (və ya razılıq sənədi) hər iki valideyn tərəfindən verilməlidir.
Yekun fikirlər
Xaricdə bakalavr təhsili ilə bağlı yekun fikirlərə gəldikdə isə yuxarıda qeyd etdiyim nüanslar əsasən formal tələb olunan sənədlərlə bağlıdır. Əlbəttə ki, seçilən ixtisas və ölkədən asılı olaraq digər bir tələb də qoyula bilər. Bu baxımdan, xaricdə təhsil almağı planlaşdıran şəxs həm ölkə, həm universitet, həm də ixtisas barədə öncədən kifayət qədər məlumat toplamalıdır.