Sonuncu yenilənmə tarixi: 6 ay öncə
Viza müraciətinə imtina almamaq üçün tövsiyələrə keçməmişdən əvvəl istərdim ki, müxtəlif ölkələr üçün təhsil vizalarının alınması ilə bağlı məqalələrimə də göz gəzdirəsiniz:
İndi isə demək olar ki, bütün səfirliklərə aid edə biləcəyimiz əsas nüanslara baxaq.
Sənədlərin düzgün və tam hazırlanması
Səfirliyin viza görüşünə sənədlərin tam hazırlanması dedikdə başa düşülən aydındır, yəni tələb olunan sənədlərdə əskiklik olmamalıdır. Sənədlərin düzgün hazırlanması dedikdə isə mən, 2 məna nəzərdə tuturam. Birincisi, bütün sənədlərdəki məlumatların doğru bəyan olunmasıdır. Məsələn, tələbə ailə həyatı qurubsa və yoldaşı həmin ölkədə yaşayırsa (məsələn, İsveç), anketdə status “married” kimi işarələnməli və “yoldaşım həmin ölkədədir və buna görə vizadan imtina gələcək” kimi fikirlərdən uzaq olmaq lazımdır. İkinci məna isə texniki və orfoqrafik səhvlərlə bağlıdır. Məsələn, bəzən tələbə, texniki səhvə yol verərək doğulduğu ayı günlə səhv salır və ya diqqətsizlik edərək pasport yerinə şəxsiyyət vəsiqəsinin nömrəsini qeyd edir. Maksimum dərəcədə bu kimi səhvlər və yanlış məlumatlardan uzaq olmaq lazımdır.
Ölkə, şəhər, universitet və ixtisas barədə
İstənilən səfirliyin sənədləri qəbul edən nümayəndəsi (bir çox hallarda konsul), tələbələrin gedəcəyi ölkəni, şəhəri, universiteti və ixtisası araşdırmasına (və ya araşdırmamasına) ciddi önəm verir. Buna görə də, bir qayda olaraq, tələbə, yarımbaşlıqda qeyd olunanların ən azı birindən suala hazır olmalıdır. Bu baxımdan,”Almaniyanın qonşu ölkələri hansılardır, ərazisi və əhalisi nə qədərdir?”, “Almaniyanın sizin üçün xüsusi önəmi nədir?”, “Nəyə görə Berlin şəhərində təhsil almaq istəyirsiniz?”, “Münhen Texniki Universiteti sizin gələcəyinizə nə qatacaq?”, “Bu universiteti necə tapmısınız?”, “Biotexnologiya üzrə oxumaq sizin üçün niyə vacibdir?” kimi sualları yaxşı-yaxşı araşdırmaqda hər hansı bir ziyan görmürəm. Qeyd olunanlar ilə sualları məhdudlaşdırmamaq lazımdır. “Təhsillə yanaşı Almaniyada hansı planlarınız var?” kimi bir sual da soruşula bilər.
Gözləmədiyiniz suallar
Hə, indi gəlib çıxdıq, işin ən maraqlı tərəfinə.
“Sonuncu hansı kitabı oxumusunuz və/və ya filmə baxmısınız və nə deyə bilərsiniz?”, “Hansı növ musiqini və musiqiçini bəyənirsiniz?”, “Gedəcəyiniz ölkədə (məs., İsveç) tanıdığınız adam (dost və ya qohum) varmı?”, “Viza anketini özünüz doldurmusunuz ya kimsə kömək edib?”, “Hal-hazırda harada və kimlə yaşayırsınız?”, “Mobil nömrəniz neçədir?”, “Təhsil xərclərinizi kim qarşılayacaq?”, “Təhsili bitirəndən sonra planınız nədir?”, “Yaxşı bir iş təklifi gələrsə, gedəcəyiniz ölkədə qalmaq istəyərsinizmi?” kimi təhsilə birbaşa aid olmayan suallara da hazırlaşmaq sizin xeyrinizə olacaqdır. Çalışın ki, bu suallara şəffaf cavab verəsiniz. Məsələn, əgər ki, tələbənin xaricdə təhsil işlərinə hansısa bir konsultant (və ya dostu, qohumu) dəstək olubsa, bunu açıq şəkildə demək sıxıntı deyil. Amma sıxıntı bu olur ki, tələbənin, necə deyərlər, dünya-aləmdən xəbəri olmur. Bu baxımdan, tövsiyə edirəm ki, hər bir tələbə, işini konsultanta həvalə etsə belə, müəyyən qədər bu kimi məsələlər ilə maraqlansın. İşlə maraqlananda həm yalan danışmaq məcburiyyəti olmur, həm də suallara daha rahat cavab vermək üçün zəmin yaranır.
Bax: Viza müraciət zamanı tez-tez verilən suallar
Digər nüanslar
Yazının son paraqrafı olmasına və səfirlikdə verilən suallar qismindən kənara çıxmasına baxmayaraq, bu hissədə də əsas məqamlara toxunmaq istərdim. Çalışın ki, viza görüşü üçün təyin olunan vaxtdan azı 15 dəqiqə əvvəlcədən təyin olunan yerdə olasınız. Bütün sənədlərinizi səliqəli şəkildə fayl və ya qovluqda aparın ki, həm qarışmasın, həm də əzilməsin. Konsul (və ya digər səfirlik nümayəndəsi) tərəfindən verilən suallara tələsmədən və qısa cavab vermək lazımdır. Geyiminizi, saç düzümünüzü maksimum dərəcədə səliqəyə salın: səfirlik qeyri-ciddi qurum deyil və qarşınızda olan kəs sizin davranışlarınıza belə diqqət yetirir. Səfirlikdə avro ilə ödəniş olunarsa (məs., Polşa səfirliyi nağd formada avro tələb edir), əskinasların qüsursuz (əzik, cırıqsız və s.) olmadığına əmin olun: bir dəfə bir tələbəmin sənədlərini buna görə qəbul etməmişdilər.
Son olaraq qeyd etməliyəm ki, bir yazı ilə bütün şərtləri və sualları əhatə etmək qeyri-mümkündür. Sadəcə bunu bilmək önəmlidir: tələbə, suallara (burada qeyd olunmayanlara belə) səlis, məntiqli şəkildə cavab verirsə, gedəcəyi ölkə, şəhər, universitet və ixtisasa bələddirsə, sənədləri tam qaydasındadırsa, davranış qaydalarına riayət edə bilirsə, onun viza müraciətinə müsbət cavab gəlmə etimalı həddindən artıq realdır.