Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Search in posts
post
page
Search in pages

Sual-cavab

Diplomların tanınması və hərbi möhlət

Xarici ölkələrin diplomu Azərbaycanda tanınırmı?

Bəli, tanınır. Xarici ölkələrin diplom tanınma prosesi mövcud qanunvericiliyə uyğun həyata keçirilir. Xarici ölkələrdə əldə olunmuş diplomların tanınması haqqında bu məqaləmi oxuya bilərsiniz.

Diplom tanınma üçün hansı şərtləri qısaca deyə bilərsiniz?

Tələbə, qəbul olduğu universitetin öz ölkəsində dövlət tərəfindən akkreditə olunmasına (yəni, dövlətin universiteti rəsmi tanımasına) əmin olmalı, xarici universitetdəki ixtisasını Azərbaycanda tədris olunan ixtisaslara uyğun seçməli, əyani təhsil almalı, həmin ölkədə kifayət qədər vaxt keçirməli və Azərbaycanda təşkil oluna biləcək müsahibədən ən azı qənaətbəxş nəticə əldə etməlidir.

Diplom tanınma ilə bağlı hara müraciət etməliyəm?

Təhsildə Keyfiyyət Təminatı Agentliyi diplom tanınma prosesini həyata keçirən qurumdur.

Nazirlik və ya Agentlikdə Azərbaycanda tanınan universitetlərin siyahısı varmı?

Xeyr, elə bir siyahı heç bir qurum və ya nazirlikdə yoxdur.

Xarici universitetdə qəbul olsam, hərbi xidmətdən möhlət ala bilərəm?

Bəli, hansı ölkədə oxumağınızdan asılı olmayaraq, yalnız əyani əsaslarla təhsil aldıqda hərbi xidmətdən möhlət hüququ verilir.

Qiyabi və distant təhsil hərbi xidmətdən möhlət hüququ verirmi?

Xeyr, yalnız əyani əsaslarla təhsil tələbəyə bu hüququ verir.

Şərti qəbul alsam, hərbi xidməti təxirə sala bilərəm?

Xeyr. Hərbi xidmətdən möhlət almaq üçün xarici universitetdən tam qəbul sənədi lazımdır.

Bir dəfə bakalavr oxumuşam. İkinci bakalavr oxumaq istəsəm, əsgərliyə gedəcəm?

Bəli. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən hərbi xidmətdən möhlət hüquq bir təhsil pilləsi üçün yalnız bir dəfə verilir. İkinci bakalavr hərbi xidmətdən sonra mümkündür.

Azərbaycanda universiteti dondursam, hərbi xidmətə çağırıla bilərəm?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən tələbəyə 6 ay möhlət verilir. Tələbə bu müddət ərzində universitetə bərpa və ya başqa universitetə transfer olunmursa, hərbi xidmətə çağırılır.

Xaricdə bakalavr & magistratura təhsili

Xaricdə bakalavr təhsili üçün hansı sənədlər lazımdır?

Xaricdə bakalavr təhsili üçün minimal olaraq xarici pasport, attestat və 9-10-11-ci sinfin qiymət cədvəli tələb olunur.

Mən, hələ məktəbin son ilində təhsil alıram. Nə etməliyəm?

Bu zaman son sinifdə oxumaqla (və ya məktəbi planlaşdırılan tarixdə bitirmək ilə) bağlı arayış və qiymət cədvəli (9-10 və 11-ci sinfin birinci yarımili) tələb olunur.

Xaricdə təhsil üçün DİM və ya SAT nəticəsi şərtdirmi?

Universitetlərə görə dəyişsə də, DİM və ya SAT nəticəsi şərt deyil. Bu nəticələr olmadan da bir çox universitetlərə müraciət etmək olar. Bəzi universitetlər isə DİM və ya SAT nəticəsini tələb etdiyi üçün bu imtahan nəticələri ilə daha çox universitetə müraciət etmək mümkündür.

Bakalavr təhsili üçün ölkəni necə seçmək lazımdır?

Burada 2 əsas məqam var: Azərbaycanın 11 illik attestatı ilə birbaşa bakalavr təhsilinə başlamaq imkanı və bakalavr ixtisasları ingiliscə olan ölkələr (ətraflı, bu yazıda). Hər iki faktoru nəzərə alaraq, Polşa, Latviya, Litva, Estoniya, Çexiya və Macarıstan kimi ölkələrdən seçim etmək olar.

Təqaüdlə bakalavr təhsili almaq imkanı nə qədərdir?

Xarici ölkələrdə təqaüdlə bakalavr təhsili almaq ciddi dərəcədə məhduddur. Latviya və Koreya kimi çox az sayda ölkələr var ki, burada bakalavr üçün təqaüd proqramları mümkündür. Xarici ölkələrdə təqaüdlə bakalavr təhsili almaq ciddi dərəcədə məhduddur. Latviya, Macarıstan və Koreya kimi çox az sayda ölkələr var ki, burada bakalavr üçün təqaüd proqramları mümkündür. Əlavə olaraq, Azərbaycanın Dövlət Proqramına da müraciət etmək olar.

Xaricdə magistratura təhsili üçün hansı sənədlər lazımdır?

Xarici ölkələrdə magistratura təhsili üçün minimal olaraq tələb olunan sənədlərə xarici pasport, bakalavr diplomu və əlavəsi daxildir.

Son kursda oxuyuramsa, hansı sənədləri toplamalıyam?

Son kursda oxumaqla (və ya gözlənilən məzun olma tarixi ilə) bağlı arayış və adətən son 7 semestrin transkripti hazır edilməlidir.

GRE və ya GMAT kimi sertifikatlar hansı halda tələb olunur?

Bu kimi sertifikatlar adətən ABŞ, Kanada və Qərbi Avropanın dünyaca yüksək reytinqli universitetlərinə və ya akademik təqaüd proqramlarına müraciət zamanı tələb oluna bilər. GMAT adəti üzrə iqtisad yönümlü, GRE isə sosial və ya humanitar yönümlü ixtisaslar üçün istənilir.

Xaricdə təqaüdlə magistratura təhsili üçün nə edim?

Xaricdə magistratura proqramı üzrə təqaüdlər adətən akademik göstəricilərə görə verilir. Bu baxımdan yüksək GPA, dil bilikləri, akademik-sosial fəaliyyət və tələbənin şəxsi motivasiyası əsas göstəricilər hesab olunur.

Ümumi suallar

Dil sertifikatım yoxdursa, nə etməliyəm?

Əvvəlki təhsil pilləsinin ingiliscə olması və ya müsahibə variantları ilə müraciət mümkündür. Nəzərə almaq lazımdır ki, hər universitet müsahibə etmir və yalnız beynəlxalq sertifikat tələb edir.

Universitetlərə son müraciət tarixi nə zamandır?

Xaricdə təhsil üçün universitetlərə son müraciət tarixi ölkələrə görə dəyişir. Məsələn, Kanada üçün müraciətlər adətən təhsil alınacaq ilin yanvarında bitsə də, Polşa üçün bu müddət sentyabr ayına qədər davam edə bilər.

Hansı ölkələrdə pulsuz təhsil ala bilərəm?

Ödənişsiz təhsil Almaniya, Norveç və s. kimi ölkələrdə mövcuddur. Bu kimi ölkələrdə rəqabət güclü olduğu üçün tələblər də yüksəkdir. Əlavə olaraq, viza alınması üçün müəyyən depozit də tələb olunur. Almaniyada ödənişsiz təhsil və Norveçdə pulsuz təhsil kimi məqalələrimi oxuya bilərsiniz.

Xaricdə yaşamaq üçün nə qədər xərc tələb olunur?

Xaricdə bir aylıq xərclər ölkə, şəhər və ən əsası tələbənin həyat tərzinə görə dəyişir. Məsələn, Polşa, Macarıstan, Çexiya kimi ölkələrdə minimal xərclər 400-500 avro arasında dəyişsə də, Norveç kimi ölkədə bu rəqəm 1,200 avroya bərabərdir.

Vizaya müraciət edərkən bank hesabında pul olmalıdırmı?

Bəli. Demək olar ki, bütün ölkələrdə bank hesabında müəyyən məbləği göstərmək tələbi var.

Banka hesabına qoyduğum pulu çıxarda bilərəm?

Bu, vizasını istədiyiniz ölkədən asılıdır. Məsələn, Almaniya təhsil vizası üçün qoyulmalı 11,208 avro tələbənin bir illik xərclərini əvvəlcədən qarşılamaq üçündür və bank hesabından bir dəfəyə çıxardıla bilməz. Tələbə, bu puldan ayda maksimum 934 avro olmaqla istifadə edə bilər.

Bank hesabından pulu çıxarmaqla bağlı məhdudiyyət bütün ölkələrdə var?

Xeyr. Məsələn, Polşa, Çexiya, Macarıstan, Estoniya, İtaliya kimi ölkələrdə belə bir məhdudiyyət yoxdur və bank hesabındakı pulu vizadan sonra çıxartmaq olar.

Viza müraciətində yaş nə qədər problem yarada bilər?

Rəsmi olaraq viza müraciətlərində yaş məhdudiyyəti yoxdur. Sadəcə, tövsiyə edirəm ki, yaşı müəyyən qədər çox olan tələbələr, təhsil alacaqları ixtisasları ya karyeralarına, ya da əvvəlki ixtisaslarına uyğun olaraq seçsinlər.