Sonuncu yenilənmə tarixi: 4 gün öncə
Slovakiya iş vizasına müraciət qaydaları haqqındakı məqamələm başlamazdan öncə deyim ki, hal-hazırda Slovakiyada iş imkanları barədə müəyyən iş yerləri ilə danışıqlar aparırıq. Ümid edirəm ki, müəyyən vaxtdan sonra Slovakiyada iş imkanları ilə bağlı da xidmətləri göstərə biləcəyik.
Keçək, bu məqalədə danışmalı olduğumuz məsələlərə.
Slovakiya iş vizası üçün lazım olan sənədlər
İş vizasına müraciət üçün aşağıdakı qeyd olunan sənədlər hazırlanmalıdır.
1. Xarici pasport.Pasportun əsli ilə yanaşı əvvəlki vizalarının və ölkəyə giriş-çıxış ştampları olan səhifələrinin (əgər, viza və giriş-çıxış ştampı varsa) də surəti çıxarılmalıdır.
2. Anket. Anket ingiliscə və əl yazısı ilə doldurulmalıdır. Anketin boş formasını bu link üzərindən yükləmək olar.
3. Şəkil. Şəkil biometrik olmalı, 6 aydan köhnə olmamalı və 3×3.5 ölçüdə olmalıdır.
4. Əmək müqaviləsi. Əmək müqaviləsinin həm əsli, həm də 1 ədəd surəti hazırlanmalıdır.
Əsas sənədləri bölüşdükdən sonra istərdim ki, əlavə sənədlər barədə də məlumatları bölüşüm. Əlavə sənədləri ona görə yazıram ki, səfirlik hər zaman əlavə sənədləri tələb edə bilər. Bu baxımdan bu sənədləri də hazırlanıb verilsə, ziyanı yoxdur.
5. Şəxsiyyət vəsiqəsi. Sadəcə surəti hazırlanmalıdır.
6. Sığorta. İş müqaviləsində sığorta qeyd olunmayıbsa, işçi minimum 1 illik sığorta almalıdır. Əks halda isə, 1 aylıq sığorta kifayət edir.
7. Bank hesabından arayış. Bu arayış ingiliscə, Slovakiya səfirliyinə təqdim olunması üçün yazılmalıdır. Bank hesabında pulu ona görə göstərmək məntiqlidir ki, adətən işçi maaşı ayın axırında alır və ayın sonuna qədər özünü maliyyələşdirmək üçün vəsaiti sübut etməlidir.
8. Digər sənədlər. Tövsiyə edirəm ki, vizaya müraciət edən şəxs iş təcrübəsi və ya təhsillə bağlı (diplom, sertifikat və s.) olan sənədlərini də viza sənədlərinə əlavə etsin.
Müraciət qaydası
İşçi vizasına müraciət yalnız BLS şirkəti (Slovakiyanın viza mərkəzi) tərəfindən qəbul olunur. Lakin, ilk öncə https://software.blsslovakiavisa.com/appointments/login keçidi üzərindən qeydiyyat aparmaq və portala giriş edərək mümkün görüş gününü və saatını seçib təsdiqləmək lazımdır. Görüş günü təsdiqləndikdən sonra portalda olan sənədi çap etmək lazımdır. Eynilə, maila gələn bildirişi də (görüş gününün təyini ilə bağlı) çap etmək tələb olunur. Bu sənədlər mütləq şəkildə çap olunmalı və yuxarıda qeyd etdiyim sənədlərə əlavə olunmalıdır.
Əlavə qeydlər
* Səfirlik əlavə sənədlər tələb etmək hüququnu özündə saxlayır;
* Vizanın cavablandırılması üçün müddət təxminən 3-4 həftədir;
* Səfirlik viza qərarı verilənədək pasportu özündə saxlayır, yəni vizaya müraciət olunduqda ərizəçi pasportunu geri götürə bilməz;
* Viza müraciəti üçün sənədlərin tam şəkildə təqdimatı vizanın müsbət qərarlandırılacağına zəmanət vermir;
* Səfirliyin rüsumu istənilən halda geri qaytarılmır.