Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Search in posts
post
page
Search in pages
Polşada yüksək maaşlı işlər

Polşada yüksək maaşlı işlər

Sonuncu yenilənmə tarixi: 2 il öncə

Polşada yüksək maaşlı işlər yazısında toxunmaq istədiyim məsələ Polşada xarici vətəndaşların iş imkanları ilə bağlıdır. Əvvəlcədən qeyd edim ki, bu yazı hansısa şəxs və ya şirkətin acığına yazılmayıb, yəni məsələni şəxsiləşdirmək lazım deyil. Sadəcə istərdim ki, həmvətənlərim “Polşada şok-şok işlər və yüksək maaşlar” adı altında reklamlar görsələr, bir dəfədən artıq fikirləşməlidirlər və gözləri açıq olmalıdır.

DİQQƏT

Polşada iş xidmətləri göstərmədiyim üçün xahiş edirəm ki, bu barədə (Polşada iş tapılması, dəvətnamə göndərilməsi və s.) mənə müraciət etməyəsiniz. Bu yazı yalnız məsləhət xarakteri daşıyır.

Polşada yüksək maaşlı işlər kimlər üçün nəzərdə tutulub?

Sual bir az qəribə səslənir, razıyam. Amma yüksək maaşlı işlər dil biliyi olmayan, öz sahəsində yetəri qədər təcrübəsi çatmayan və xüsusilə, fiziki işlərdə çalışmağı planlaşdıran insanlar üçün nəzərdə tutulmayıb, bu birmənalı şəkildə belədir.

Polşada yüksək maaşlı işlər gif1

Yəni, Azərbaycanda vəziyyət necədirsə, elə orada da elədir. Fəhlə burada necə qazanırsa, elə Polşada da elə qazanır. Məsələ budur ki, əgər bir insan öz üzərində çalışaraq polyak dilini də öyrənə bilərsə, daha yaxşı və daha çox işlə təmin olunmaq şansını artıra bilər. Bir daha təkrar edirəm ki, şansını artırır, çünki Polşada polyak dilində danışan bilən 30 milyondan çox adam yaşayır. Bu baxımdan, dil biliyi ilə birgə hər hansı bir peşəni də öyrənmək lazımdır. Eynən öz ölkəmizdəki kimi təkcə azərbaycan dilini bilməklə can qurtarmaq olmur. Bəli, sizinlə razıyam ki, Azərbaycanda dil bilməyən çoxlu sayda pullu və vəzifəli adam var: bu məsələnin  başqa tərəfidir.

Polşada iş şirkətləri

Hədəf alınan kütlə

Bu yazını tapıb, oxuyursunuzsa, böyük ehtimalla “Polşada işlər”,  “Polşada yüksək əmək haqqı ilə işlər” adı altında reklamları da görmüsünüz. Deyə bilmərəm ki, o adam və ya şirkətlərin hamısı fırıldaqçıdır. Amma əksəriyyətini birləşdirən müəyyən neqativ cəhətləri var. Bu şirkət və ya fərdi şəxslər Polşada daha çox fiziki işdə işləmək istəyənləri və əvvəl dediyim kimi dil bilikləri olmayan və mütəxəssis hesab olunmayan insanları hədəf alır.

Təklif olunan maaş

Həmin insanlara isə aylığı 500 avrodan 1000 avroya qədər işlər təklif olunur. 1000 avro Polşa üçün yaxşı maaşdır. Deyək ki, ən bahalı şəhər sayılan Varşavada minimal şərtlərlə yaşayış üçün 500-550 avro civarında xərc tələb olunursa, hər ay 450-500 avro “qırağa” atmaq olar. Sadəcə bunu yadda saxlamaq lazımdır ki, əgər sizə Polşada aylıq 600 avro civarında iş təklifi gələrsə, “gedib orda bu maaşla həyatımı dəyişəcəm, ailəmi də aparıb möhtəşəm həyat yaşadacam” kimi xəyallara qapılmayın. Bu maaş bir insanın normal insan kimi yaşamağına kifayət edər, ailəli və uşaqlı adam üçün isə çətin (əgər yoldaşı işləməyəcəksə) olar.

Ən önəmli məsələlər

Maaş məsələsindən savayı gələk digər məsələlərə. Birinci növbədə, bu pulu qazanmaq üçün siz bir gün ərzində nə qədər işləmələsiniz? Sizə konkret olaraq nə qədər maaş təklif olunur? Bu maaş sosial sığorta (ZUS) və gəlir vergisini əhatə edirmi? Sizə təklif olunan əmək müqaviləsi (Umowa zlecenie yoxsa Umowa o pracę) hansıdır? Sizin o işdə qalıb işləməyinizə kim zəmanət verir? Sizi dəvət edən şirkət vergi və sosial sığortanı vaxtında ödəyirmi? Bu kimi sualları aydınlaşdırmadan Polşaya getməyin həqiqətən də bir anlamı yoxdur, yəni risklidir. Belə bir vəziyyət ilə rastlaşa bilərsiniz: siz gün ərzində 12 saat işləməli olursunuz və həftədə bir dəfə istirahət verilir. Məcburən əlavə işlər də görməli olursunuz, çünki dil biliyi olmadığına görə başqa çarəniz qalmır. Bir fiziki əməkli işdən çıxıb digərinə də gedə bilmirsiniz, çünki aşağı-yuxarı vəziyyət eynidir.

Polşada işi necə tapmaq olar?

Öz şəxsi təcrübəmdən yazım. Bir tanışımız Azərbaycandakı bankların birində İT təhlükəsizlik mütəxəssisi kimi çalışırdı. Ona Polşadan iş təklifi gəldi, təklifi gəldi deyəndə ki, adam özü müəyyən saytlar üzərindən iş elanlarına müraciət edib, dəvət almışdı. Haqqında danışdığım həmin yoldaş iş dəvətnaməsi alana qədər həm təcrübəli mütəxəssis idi, həm dil bilikləri var idi, həm də bir neçə beynəlxalq sertifikatın sahibi idi. Bu misalı ona görə yazıram ki, bu kimi üstünlüklərə sahib olaraq, Polşada həqiqətən də yaxşı bir işlə təmin olunmaq şanslarınız var.

İşləri necə tapmaq olar sualına gələndə isə, https://www.praca.pl/, https://www.pracuj.pl/, https://www.jobs.pl/, https://pl.indeed.com/, https://www.linkedin.com/jobs kimi saytlardan istifadə edə bilərsiniz. Profesional bir CV hazırlayın, motivasiya məktubu yazın, əlinizdə olan sertifikatları skan edib, öz təcrübə və biliklərinizə uyğun işlərə müraciət ünvanlayın. Yadda saxlayın ki, işinizə aid beynəlxalq bir sertifikat (məs., İT sahəsində Microsoft, Cisco və ya CompTIA) iş dəvəti almağa çox böyük şans gətirir. Xüsusilə, LinkedIn sosial şəbəkəsində ciddi iş imkanları ilə qarşılaşmaq şansınız çoxdur. İndi biri çıxıb deyəcək ki, “qaqa, elə bınnarı bilsəm, bırda işdiyərəm dəə”. Məsələ budur ki, bunları bilən adamlar “hər şey daha da yaxşı olacaq” deyib, ölkəni tərk edirlər.

Yekun

Mən inanıram ki, bir az da olsa, Polşada iş imkanları barədə sizi məlumatlandıra bildim. Öz şəxsi fikrimə gəlincə isə, yad ölkədə və fiziki (və eləcə də, ağır) işdə gününüzün yarısını işləyərək özünüzü tamamilə rahat hiss edəcəyinizə inanırsınızsa, yanılırsınız. Bu baxımdan, iş təklifi verən şirkətlərin xidmətlərindən yararlanmamışdan öncə hər bir məlumatı ciddi-ciddi araşdırın. Yaşayacağınız yer, şəhər, işin şərtləri, maaş, əmək müqaviləsinin müddəti, şirkətin vergi və sığorta ödənişləri barədə məlumatları öyrənin. Ən azından bu, sizin haqqınızdır. Çox yaxşı olar ki, işəgötürən ilə vasitəçi şirkət arasındakı müqaviləni də tələb edəsiniz. Sizə iş “düzəltmək” istəyən adamlardan işəgötürən şirkətin rəsmi vergi ödəyicisi nömrəsini alıb (polyakca, NIP) və bu sayta daxil olub, şirkət haqqında məlumat da əldə edə bilərsiniz.

Əlavə qeyd:

Polşada iş tapdıqdan sonra “Karta pobytu” üçün müraciət etmək istəsəniz, bu yazı ilə ətraflı məlumat ala bilərsiniz.

Paylaşmaq istəyirəm