Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Search in posts
post
page
Search in pages
Polşa vizası üçün nostrifikasiyaya müraciət qaydaları

Polşa vizası üçün nostrifikasiyaya müraciət qaydaları

Sonuncu yenilənmə tarixi: 2 həftə öncə

Polşa vizası üçün nostrifikasiyaya müraciət qaydaları haqqında yazdığım yazıda bir sıra məqamlara toxunmaq istərdim. Ən əvvəlcədən deyim ki, bu proses yalnız bakalavr təhsili almağı planlaşdıran tələbələr üçün nəzərdə tutulub. İkinci qeydim də budur ki, bu məqaləmdə yazdığım prosedur Masoviya Voyevodalığında yerləşən universitetlər (məsələn, Varşava Universiteti, Varşava Texnologiya Universiteti və s.) nəzərdə tutulub.

Nostrifikasiya nədir?

Qısa olaraq, nostrifikasiya hər hansı bir sənədin hər hansı bir ölkə ərazisində tanınması prosesidir. Tanınma müraciəti müsbət yekunlaşarsa, tələbəyə nostrifikasiya (tanınma) barədə şəhadətnamə (və ya adı fərqli olan bir sənəd) verilir ki, həmin tələbə oxuduğu ölkədə təhsilini davam etdirə bilsin.

Nostrifikasiya hər zaman tələb olunan bir prosedurdur, lakin Polşa üçün tələbə vizasına müraciət qaydalarında 12 avqust 2024-cü il tarixdən etibarən edilmiş dəyişikliyə əsasən (düzü, rəsmi bir mənbə tapa bilmədim) Polşada bakalavr oxuyacaq tələbələrdən nostrifikasiya sənədini əvvəlcədən almaqları tələb olunur. Nostrifikasiya sənədini təqdim edə bilməyən tələbələrin vizalarını səfirlik vermir və sənəd hazır olana qədər tələbələri gözlətdirir.

Tələb olunan sənədlər

Burada bir məqamı açıq-aydın ifadə etmək istəyirəm. Tələb olunan sənəd siyahısında və hazırlanma qaydasında voyevodalığa görə müəyyən fərqli məqamlar ola bilər. Çünki, viza alınması üçün yeni tələb olduğu və mənim şəxsi təcrübəm kifayət etmədiyinə görə sənədləşmə şərti praktiki təcrübədə fərqliliklər verə bilər. Uzatmadan, keçək sənəd siyahısına.

1. Müraciət anketi

Bu anket forması tələbənin təhsil alacağı şəhərin təhsil kuratorluğunun (məsələn, Kuratorium Oświaty w Warszawie) rəsmi saytından və ya müraciət olunan ofisdən də əldə oluna bilər. Varşava şəhərində bakalavr təhsili almaq istəyən tələbələr bu formadan istifadə etməlidirlər.

2. Attestat

Attestat 5 saylı ASAN xidmət mərkəzində xarici işlər nazirliyi tərəfindən (konsulluq xidmətləri) apostil olunmalıdır.

3. Transkript

Tövsiyə olunur ki, tələbə 9-10-11-ci sinfin transkriptini (qiymət cədvəli) də sənədlərin içərisinə əlavə etsin.

4. Kurrikulumun məzmunu

Bu, bir balaca qəliz sənəddir. Çünki, Azərbaycanda hər məktəbin rəhbərliyinə izah etmək çətindir ki, belə bir sənəd Polşada tələb olunur. Məktəblərin bu kimi sənəd forması ilə işləmə təcrübəsi olmadığı üçün bu hissədə bir qədər əziyyət çəkə bilərsiniz. Xülasə, kurrikulumun məzmunu dedikdə şagirdin 11-ci sinifdə keçdiyi fənlərin məzmunu (yəni, fənlər üzrə keçirilən mövzular) nəzərdə tutulur. Boş forma üçün bu linkə, hazırlanmış nümunə üçün isə bu linkə klikləyə bilərsiniz.

5. Uyğunluq arayışı (ingiliscə Eligibility statement)

Bu arayış (və ya sertifikat) hal-hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfidən verilir. Arayışda qeyd olunur ki, tələbənin attestatı ona Azərbaycanda növbəti təhsil pilləsinə müraciət hüququ verir. Sənədin nümunə formasına isə bu linkə klikləyərək baxmaq olar.

6. Xarici pasport

Nostrifikasiya üçün tələbənin xarici pasportunun surəti də sənədlərə əlavə olunmalıdır.

7. Etibarnamə

Əgər ki, tələbənin nostrifikasiya işlərini birbaşa özü yox, üçüncü bir şəxs görürsə, bu zaman tələbənin adından etibarnamə də sənədlərə əlavə olunmalıdır. Tələbə yetkinlik yaşına çatmayıbsa, tövsiyə edirəm ki, bu sənədi həm də valideynlər öz adlarından hazırlasınlar. Sənədənin boş formasını bu linkdən əldə etmək olar.

Sənədlərin tərcüməsi

Bütün sənədlər  andlı tərcüməçi (yəni, Polşa dövlətinin rəsmi tanıdığı) tərəfindən polyak dilinə tərcümə olunmalıdır. Andlı tərcüməçilərin siyahısı ilə https://arch-bip.ms.gov.pl/pl/rejestry-i-ewidencje/tlumacze-przysiegli/lista-tlumaczy-przysieglych/search.html keçidi üzərindən tanış ola bilərsiniz. Lakin, nəzərə almaq lazımdır ki, hal-hazırda Polşada yalnız bir nəfər azərbaycan-polyak dilinə rəsmi tərcüməçi kimi fəaliyyət göstərir və sənədlərin tərcümə məsələsidə gecikmələr ola bilər. Əlavə olaraq bildirim ki, nostrifikasiya üçün 2-ci dildən tərcümə (məsələn, azərbaycandan dilindən ingiliscəyə və daha sora ingiliscədən polyakcaya) sıxıntı ola bilər.

Müraciət qaydası

Varşavada təhsil alan tələbələr sənədlərini fiziki şəkildə Varşavada yerləşən Masoviya Təhsil Kuratorluğuna (polyakca Mazowiecki Kurator Oświaty) təqdim etməlidir. Varşavada sənədlərin təqdim etməmişdən öncə bu link üzərindən onlayn növbə götürülməlidir. Müraciətin cavablandırılması üçün müddət adətən 30-45 arasında dəyişir.

İstifadə olunan mənbələr:

  1. Recognition of foreign school certificates and diplomas in Poland. Bax: https://www.gov.pl/web/edukacja/recognition-of-foreign-school-certificates-and-diplomas-in-poland
  2. Nostrification of higher education diplomas. Bax: https://study.gov.pl/nostrification-higher-education-diplomas
  3. LISTA TŁUMACZY PRZYSIĘGŁYCH. Bax: https://arch-bip.ms.gov.pl/pl/rejestry-i-ewidencje/tlumacze-przysiegli/lista-tlumaczy-przysieglych/search.html

 

Paylaşmaq istəyirəm