Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Search in posts
post
page
Search in pages
Polşa vizası imtinasından sonra apellyasiyaya müraciət qaydası

Polşa vizası imtinasından sonra apellyasiyaya müraciət qaydası

Sonuncu yenilənmə tarixi: 4 həftə öncə

Polşa vizası imtinasından sonra apellyasiyaya müraciət qaydasında izah etmək istədiyim nüanslar prosedur və bir sıra tövsiyələrdən ibarət olacaqdır. Söhbəti uzatmadan, keçək, apellyasiya məsələlərinə.

İmtina səbəbləri barədə

Polşa səfirliyi müraciətçinin viza müraciətinə imtina verərkən, müraciətçiyə imtina ilə bağlı bir sənəd təqdim edir. Həmin sənəddə isə imtina səbəbi qeyd olunur. İmtinaya səbəb adətən sənədlərlə bağlı olmur. Çox nadir hallarda səfirliyə təqdim olunan sənədlərə uyğunsuzluq aşkarlana və buna görə tələbəyə imtina verilə bilər.

Ən pis hal budur ki, tələbənin məhkəmə, cinayət və ya saxta sənədlərlə bağlı bir sıxıntısı olur. Demirəm ki, qeyd elədiyim səbəblər olsa, apellyasiyaya müraciət etmək olmaz. Sadəcə məsələ budur ki, belə olan halda, səfirlikdən müsbət cavab almaq çox çətin məsələdir.

Polşa vizasına müraciətin imtina səbəbləri
Polşa vizasına müraciətin imtina səbəbləri

İmtina səbəbi: Dil biliyinin yetərsizliyi

Əsas imtina səbəblərindən biri kimi tələbənin dil biliyinin yetərsizliyi göstərilir. Yəni, tələbə hansısa bir qaydada polyak universitetlərinin birindən qəbul alır, lakin ingilis dilində özünü sərbəst ifadə edə bilmir. Bəzi hallarda isə, tələbə həyəcanlı olur və sualları cavablandırmaqda çətinlik çəkir. Hər iki variantda səfirlik şübhəli qaldığı üçün dil biliyinin qənaətbəxş olmadığını əsas gətirib, tələbənin müraciətinə imtina verir.

Əgər ki, tələbə öz dil biliklərindən əmin deyilsə, özünü ifadə etməkdə çətinlik çəkirsə, birbaşa dərəcə proqramına (məsələn, Kompüter mühəndisliyi üzrə bakalavr dərəcəsi) başlamasını heç tövsiyə etmirəm. Əvəzində isə bir illik hazırlıq proqramı daha çox tövsiyə olunur ki, bu, konsulda (və ya səfirliyin digər bir əməkdaşında) daha ciddi təəssürat yarada bilir.

İmtina səbəbi: ölkəyə geri qayıtmamaq riski

Digər bir səbəb kimi tələbənin Polşada potensial illeqal miqrant kimi qalmasından şübhənilməsi ilə bağlıdır. Yəni, səfirlik düşünür ki, tələbə Azərbaycana qayıtmayacaq və ya qayıtmaması üçün ciddi əsaslar var. Xüsusilə, bu kimi sıxıntılı məqamlar yaşı daha çox olan tələbələrdə yaşanır. Məsələn, şəxsin 30-a yaxın yaşı var və magistratura təhsili almaq istəyir. Belə hal yaşanarsa, tövsiyə olunur ki, tələbə maksimum dərəcədə ölkəyə bağlığını şifahi formada və sənədlərlə (məsələn, iş yerindən arayış, adına əmlak, ailə statusu və s.) sübut etsin. Demirəm ki, bunlar olmasa, viza verilməz. Dediklərim vizanın müraciətinin müsbət cavablandırılmasına dəstək xarakterlidir.

İmtina səbəbi: məqsədin təhsil olmaması

Üçüncü imtina səbəbi isə əsas məqsədin təhsil olmaması və ya əsas məqsədin kifayət qədər əsaslandırılmaması ilə bağlıdır. Məsələn, “Polşada işləmək planınız varmı?” sualına “Bəli, elə planım Polşada işləməkdir” cavabının verilməsi imtinaya səbəb ola bilər. Və yaxuda da, bizim bir tələbə “Polşada 1 illik təhsil planınız nədir?” sualına “Polşada bir il yaşamaq istəmirəm ki. Bir il ərzində Almaniyaya gedəcəm” deyə cavab vermişdi. Səfirlik bu tələbəmizə imtina verdi, apellyasiyaya müraciət etsək də, imtina qərarı dəyişilmədi. Çünki, bu halda olan imtinanı hansısa bir əsasla dəyişdirmək demək olar ki, mümkün deyil. 

Bunlarda əlavə, səfirlikdə ölkə, şəhər, universitet və ixtisas barədə soruşula bilən sualları aydın, hərtərəfli cavablandırmamaq məqsədin fərqli olduğuna şübhə yarada və viza müraciətini neqativ qiymətləndirilməsinə yol aça bilər.

Apellyasiyaya nə zaman müraciət etmək olar?

Səfirlik imtina cavabı verdikdən 14 gün ərzində appellyasiyaya müraciət etmək olar. 14 gündən çox vaxt keçirsə, Polşa səfirliyində görüş üçün yenidən görüş günü götürülməlidir. Tövsiyə olunur ki, imtina günündən 1 həftə sonra səfirliyə müraciət olunsun. Çünki, bu 1 həftə ərzində səfirlikdə baş tutacaq və daha çətin hesab olunan sual-cavaba daha yaxşı hazırlaşmağa zaman qalır.

Appellyasiya üçün Polşa səfirliyindən yenidən görüş vaxtı götürməyə ehtiyac yoxdur. Sadəcə, qeyd olunan gün və saatlarda (adətən həftə içi saat 14:00-15:00 arası) yenidən səfirliyə yaxınlaşmaq lazımdır. 

Hazırlıq və əlavə sənədlər barədə

Apellyasiyaya müraciətin hazırlıq hissəsini detallı şəkildə cavablandırmaq bir qədər çətindir. Çünki, səfirlikdə olan tələbə hansı suallarla daha çox sıxıldığını özü daha yaxşı bilir. Bu baxımdan, sıxıntı olan məqamın üzərində daha çox işləmək lazımdır. Ümumiyyətlə, səfirlikdə istənilən cür suallarla rastlaşmaq olur. Elə bu baxımdan, tələbənin gündəlik məşğuliyyətindən tutmuş Polşaya qədər bütün mövzulara hazırlaşmağın ciddi faydası var.

Sənədlərə gəlincə isə, tələbə appellyasiya üçün əlavə sənədlər kimi (əgər əvvəl təqdim etməyibsə) adına olan əmlakları (daşınan və daşınmaz), iş yerindən arayışını, bank kartlarından çıxarışını səfirliyə təqdim edə bilər. Bu kimi sənədlər həm Azərbaycana qayıtmağa əsas, həm də maliyyə tərəfini gücləndirmək üçün istifadə oluna bilər. Məsələn, tələbə dil yetərsizliyinə görə imtina alıbsa, bu halda, Duolingo kimi sertifikat təqdim oluna və ya dil biliyi çox aşağı səviyyədədirsə, qəbul sənədi Foundation qəbulu ilə əvəzlənə bilər.

Yekun fikirlər

Polşa təhsil vizasına müraciət qaydalarıViza müraciətinə imtina almamaq üçün tövsiyələr adlı məqalələrimdə həm viza sənədləşmə işləri, həm də ümumən viza görüşündə müsbət təəssürat bağışlamaq üçün bir neçə əsas məqama toxunmuşam. Məqaləmə əlavə olaraq qeyd edim ki, tələbələr çalışmalıdırlar ki, dil biliyində problem varsa, birbaşa bakalavr və ya magistratura ixtisası əvəzinə hazırlıq qəbulu ilə səfirliyə müraciət etsinlər. Eyni zamanda, verilən sualları aydınlaşdırıb, tələsmədən və hərtərəfli cavablandırsınlar. Çünki, istənilən halda birinci dəfə imtina alıb, daha sonra viza almaq bir qədər uzun çəkən və daha ağır prosesdir.

Paylaşmaq istəyirəm