Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Search in posts
post
page
Search in pages
Koreyada təqaüdlə bakalavr təhsili

Koreyada təqaüdlə bakalavr təhsili

Sonuncu yenilənmə tarixi: 9 ay öncə

Koreyada təqaüdlə bakalavr təhsili almaq istəyən gələcək təbələrimizə istərdim ki, bu məqaləmlə bir sıra məsələlərdə dəstək ola bilim. Demək olar ki, hər il müəyyən məhdud sayda (adətən 1-5) tələbə bu proqramdan yararlanaraq Koreyada təhsil ala bilir. Müraciət sayı çox və ayrılan təqaüd yerləri məhdud olduğu üçün rəqabət çox güclüdür. Bu baxımdan istərdim ki, ilk növbədə xüsusi qeydlərə və tələb olunan sənədlərə baxaq, daha sonra şansları artırmaq məsələlərinə də toxunacağıq.

Xüsusi qeydlər

Koreyada təqaüdlə təhsil almaq üçün adətən 2 variant tətbiq olunur: Səfirlik xətti (Embassy track) və Universitet xətti (University track). Bir çox hallarda səfirlik xətti ilə 1 nəfər, Universitet variantı ilə isə 4 nəfər seçilir. 2022-ci ildə Səfirlik xətti ilə təqaüdlə təhsil almaq istəyən tələbələr ixtisas seçimində azaddırlar. Bunun əksinə isə, Universitet xətti ilə təqaüdü qazanacaq 4 nəfər isə öz seçimlərini Təbiət elmləri və Mühəndislik ixtisasları üzrə bakalavr proqramlarından (2 nəfər) və kollec proqramlarından (2 nəfər) etməlidirlər.

Koreyada təqaüdlə bakalavr təhsili almaq istəyən namizədlər mütləq şəkildə müəyyən olunmuş universitetlərdən birini seçə bilərlər. Yəni, həm Səfirlik, həm də Universitet xətti ilə müraciət zamanı istənilən bir universiteti seçmək mümkün deyil. Eyni zamanda, namizəd yalnız bir variantı (Səfirlik və ya Universitet xətti ) seçməlidir. Səfirlik variantını seçən tələbələr 3 universitet seçə bilər, Universitet xəttini seçən tələbələr isə yalnız 1 universitet və akademik şöbə seçmək haqqına sahibdirlər. Səfirlik xətti ilə müraciət edən tələbələr ən azı 1 universiteti B siyahısından seçməlidirlər.

Təqaüd üçün uyğunluq şərtləri

Deməli, şərtlərdən ən önəmlisi budur ki, təqaüdlə oxumaq istəyən namizəd 22 fevral 2022-ci il tarixinə qədər məktəbi və ya kolleci bitirməlidir. Məktəbi bitirmiş (və ya göstərilən tarixə qədər bitirə biləcək) məzunlar bakalavr və kollec proqramlarına müraciət edə bilər. Kolleci bitirən məzunlar isə yalnız bakalavr proqramlarına müraciət etməlidirlər.

Digər önəmli şərt budur ki, namizəd əvvəlki təhsilində ən azı 80% (100 üzərindən) və ya 3,23 (5 üzərindən) müsbət nəticə göstərməlidir.

Üçüncü önəmli şərt isə müraciət üçün maksimal yaş həddinin 25 olması ilə bağlıdır. Yəni, təqaüdlə təhsil almaq istəyən namizədlərin doğum tarixi 1997-ci ilin mart ayının 1-dən sonraya təsadüf etməlidir.

Tələb olunan sənədlər

Deməli, ilk iş bu linkdə qeyd olunan sənədləri yükləməkdən ibarətdir. Faylı açan kimi 6 dənə forma və 1 dənə checklist (yəni, yaddaş vərəqəsi) görəcəksiniz. Yüklənilən bu sənədlər çox önəmlidir, səhvsiz şəkildə ingilis və ya koreya dilində doldurulmalıdır. Yalnız səfirlik xətti ilə müraciət edən namizədlər bütün sənədləri 4 surətdə (1 original + 3 surəti) hazır etməlidirlər.

Qaydalar və tələb olunan (və arzu olunan) sənədlər aşağıdakı kimi olacaqdır:

Sənədin adı İzah Qeyd
1. Müraciət ərizəsi (Forma 1.) Namizəd öz şəxsi, təhsil məlumatlarını, müraciət variantını (Səfirlik və ya Universitet xətti) və universitet/ixtisas seçimlərini göstərməlidir. Namizəd tərəfindən imzalanmalıdır.
2. Şəxsi bəyanat (Forma 2.) Namizədin motivasiyasını, ailə və təhsil özkeçmişini, uğurlarını, qeyri-akademik fəaliyyətini əhatə etməlidir. Namizəd tərəfindən imzalanmalıdır.
3. Təhsil planı (Forma 3.) Namizədin xarici dilləri öyrənməsi barədə planı, təhsilin məqsədi və təhsildən sonrakı planını əks etdirən sənəddir. Namizəd tərəfindən imzalanmalıdır.
4. Bir tövsiyə məktubu (Forma 4.) Tövsiyə edən şəxs Forma 4.-ü çap edib, öz şəxsi məlumatlarını doldurub, tarix və imza qoymalıdır. Bundan əlavə isə tövsiyə edən şəxs bir tövsiyə məktubu (istənilən formada) hazırlamalı, tarix qeyd etməli və imzalamalıdır. Hər iki sənəd zərfə qoyulmalı və tövsiyə edən şəxs tərəfindən açılacaq hissəsinin üzərindən imzalanmalıdır ki, zərfin originallığı itməsin. Tövsiyə edən tərəfindən imzalanmalıdır.
5. GKS Namizəd razılaşması (Forma 5.) Bu sənəd təqaüdə müraciətin müəyyən şərtlərini qəbul etməklə bağlıdır. Namizəd tərəfindən imzalanmalıdır.
6. Şəxsi tibbi dəyərləndirmə (Forma 6.) Namizədin sağlıq durumu haqqında özü tərəfindən verilən məlumat xarakteri daşıyır. Əgər sonradan (həkim müayinəsindən sonra) ciddi bir xəstəlik aşkar olunarsa, müraciət ləğv olunur. Namizəd tərəfindən imzalanmalıdır.
7. Attestat və ya kollec diplomu Məktəbi bitirən şəxslər attestatı, kolleci bitirənlər isə diplomlarını hazırlamalıdırlar. Təhsili bitirməyən namizədlər isə bitirmə tarixi (22 fevral 2022-ci ildən gec olmamaq şərti ilə) dəqiq yazılan arayışı hazır etməlidirlər. Sənədin əsli apostil olunmalıdır. Yalnız Səfirlik xətti ilə müraciət zamanı 3 surət hazırlanmalı və hamısı apostil olunmalıdır. Sonda isə, sənəd koreya və ya ingilis dilinə tərcümə və notarial təsdiq olunmalıdır.  –
8. Transkript Mütləq şəkildə qiymətlərin yekun orta göstəricisi (CGPA) qeyd olunmalıdır. Sənədin əsli apostil olunmalıdır. Yalnız Səfirlik xətti ilə müraciət zamanı 3 surət hazırlanmalı və hamısı apostil olunmalıdır. Sonda isə, sənəd koreya və ya ingilis dilinə tərcümə və notarial təsdiq olunmalıdır.
9. Pasport Namizədin özünün və valideynlərinin pasportlarının birinci, yəni şəkil olan hissəsinin surətləri sənədlərə əlavə olunmalıdır. Vətəndaşlığın sübutu üçün tələb olunur.
10. Dil sertifikatı Koreya dil biliyi (TOPIK) və ya ingilis dil biliyi (TOEFL, IELTS və s.) dil sertifikatlarının surətləri da sənədlərə əlavə oluna bilər. Tələb kimi deyil, istəyə və mümkünlüyə bağlıdır.
11. Digər mükafat və sertifikatlar Namizədin hər hansı bir digər sertifikatı (məsələn, SAT) və ya mükafatı (Olimpiada qalibi) varsa, sənədlərə əlavə oluna bilər. Tələb kimi deyil, istəyə və mümkünlüyə bağlıdır.

Əla, bütün sənədlər hazır olan kimi ya Koreyanın Azərbaycandakı səfirliyinə təqdim etmək ya da Həsən Əliyev, keçid 1, 12, Bakı, Nəsimi, AZ1078 ünvanına poçt ilə göndərilməlidir.

Koreya təqaüd proqramına müraciət cədvəli

Koreyada təqaüdlə bakalavr təhsili almaq istəyən namizədlər öz müraciətlərini adətən sentyabr-oktyabr aylarında etməlidirlər. Tarixlərin qarışıq görünməməyi xatirinə Səfirlik xətti ilə baş verəcək etapları cədvəl kimi göstərmək istərdim.

Səfirlik xətti

1-ci tur Elanların verilməsi Adətən sentyabr ayının ortalarında Səfirliyin rəsmi saytında elan olunur.
Müraciətlərin təqdim olunması 16 sentyabr 2021 tarixdən 05 oktyabr  17:30-a qədər öz müraciətlərini yekunlaşdırmalıdırlar.
Sənədlərin yoxlanışı 8 oktyabrda sənədləri düzgün və tam formada təqdim edən namizədlər elan olunacaqdır.
Səfirlikdə müsahibə 13 oktyabrda isə Səfirlikdə uğurlu namizədlər ilə müsahibə olacaqdır.
Qalibin elan olunması Son olaraq, 15 okyabrda isə qalib olan namizəd elan olunacaqdır.
Sənədlərin göndərilməsi Noyabrın 3-nə qədər qalib namizədin sənədləri Koreyaya, NIIED-ə göndəriləcəkdir. Bununla da, birinci tur bitmiş hesab olunur.
2-ci tur Qalibin elanı NIIED noyabrın sonuna qədər Study in Korea saytında qalibin adını elan edir və sənədlərini seçilmiş universitetlərə göndərir.
Rəsmi tibbi nəticələr Dekabrın 17-nə qədər isə qalib şəxs rəsmi tibbi müayinə nəticələrini təqdim etməlidir.
3-cü tur Universitetə qəbul Dekabrın 17-nə qədər isə universitetlər qalib olan tələbənin qəbulu barədə yekun qərar verməlidirlər.
Universitet seçimi Dekabrın 22-nə qədər isə qalib tələb müraciəti zamanı qeyd etdiyi 3 universitetdən birinin seçimi barədə yekun qərar verməlidir.
Yekun Dekabrın sonuna qədər isə NIIED həm səfirlik, həm də universitetə tələbənin seçimi barədə yekun məlumatı verir.

Universitet xətti ilə təqaüdlə təhsil müraciətlərinin tarixlərini dəqiq demək çətindir. Çünki, universitetlər son müraciət tarixində və müsahibələrdə sərbəstdirlər. Bu baxmayaraq, son müraciət tarixləri adətən 20 oktyabrdan sonraya təsadüf edir və 1-ci turun yekun cavabları isə noyabrın 12-nə qədər açıqlanır. Elə bu tarixə qədər də, qalib olan namizədin sənədləri Koreyaya, NIIED-ə göndəriləcəkdir. Yerdə qalan etaplar isə yuxarıda yazılan tarixlərlə aşağı-yuxarı eyni olacaqdır.

Təqaüd nəyi əhatə edir?

Koreyanın dövlət təqaüd proqramı tələbə üçün demək olar ki, bütün xərcləri qarşılayır. Xərclərdən öncə deyim ki, 2021-ci ilin 16 sentyabr tarixi üçün 1 Azərbaycan manatı 688 Cənubi Koreya vonuna bərabərdir. Keçək, xərclərə. Bunlara aiddir:

  • İkitərəfli ekonom təyyarə bileti;
  • 200,000 CKV birdəfəlik yardım (ölkəyə birinci dəfə gələndə);
  • 900,000 CKV aylıq stipendiya;
  • 100, 000 CKV əlavə aylıq stipendiya (TOPIK 5-6 səviyyə sertifikatı olanlar üçün);
  • 100,000 CKV universitet bitirilən zaman birdəfəlik qrant;
  • Koreya dilinin təhsil haqqı;
  • Bütün illiklərin təhsil haqqı (4-6 illik bakalavr, 2-3 illik kollec);
  • Milli sığorta ödənişi.

Şansları artırmaq üçün nə etməli?

Təkcə, Koreyada təqaüdlə bakalavr təhsili üçün yox, demək olar ki, bütün akademik təqaüd proqramlarında rəqabət hər zaman güclü olur. Elə buna görə də, təqaüdlə oxumaq istəyən namizəd bir sıra meyarlara cavab verməlidir. Yazım Koreyaya aid olduğu üçün elə bu proqram haqqında yazaq.

Məsələn, yuxarıda da göründüyü kimi, koreya və ingilis dili sertifikatı istəyə bağlı olaraq qeyd olunub. Yəni varsa, təqdim etmək olar, amma olmasa da, müraciət etmək mümkündür. İstəyə bağlı olmaq o demək deyil ki, bu sertifikatlar olmalı deyil və ya olmasa da, fərqi yoxdur. Səfirlikdə sənədləri incələyən şəxs, heç bir zaman koreya və ingilis dil biliyi olan şəxsi qoyub, digərinə üstünlük verməz. Bu baxımdan, dil sertifikatını əldə etmək lazımdır.

İkincisi, Koreya haqqında maksimum qədər məlumatlı olmaqda fayda var. Məsələn, Forma 3-də (Təhsil planı) tələb olunur ki, təhsildən sonrakı mərhələdə planlarınız haqqında yazın. Koreyanı öyrənən və yaxşı araşdıran bir namizəd deyə bilər ki, misal üçün, təhsildən sonra X1 şəhərdə insanların intiharında son 3 ildə artım müşahidə olunur və istərdim ki, orada X1 bir akademik mərkəzdə bu intiharların səbəblərini dərindən araşdıraq və qarşısının almağa çalışaq. Yəni, BTS qrupunu bütün günü izləməklə işlər bitməz.

Üçüncüsü, təhsil və dil biliklərindən əlavə yaxşı olar ki, dünyada tanınan digər sertifikatlar da əldə olunsun. Eləcə də, maraq dairəsinə uyğun bir layihədə, seminarda iştirak etmək belə şanslara ciddi şəkildə müsbət təsir göstərir. Səfirliyin və universitetin əməkdaşı namizədin öz maraqlarını əks etdirən istənilən sertifikat və digər sənədləri məmnuniyyətlə qarşılayırlar.

Dördüncüsü və ən əsası, namizədin şəxsi motivasiyası və təhsil özkeçmişi ilə bağlıdır. Müraciət olunan ixtisasa olan maraq rasional şəkildə izah olunmalıdır. Məsələn, namizəd qeyd edə bilər ki, mənim ixtisasım üzrə dünyada Top 20 universitet içərisində Koreyanın X1 universiteti 5-ci yerdədir və sırft məni maraqlandıran fənnlər orada yüksək səviyyədə tədris olunur. Buna görə də, Koreyada təhsil almaq mənim bir tədqiqatçı/mütəxəssis/konsultant kimi formalaşmağıma ciddi təsir edəcəkdir.

Yekun

Yekun olaraq məqaləmdə istifadə etdiyim faylları bölüşmək istərdim

  1. Müraciət üçün qaydalar: https://niftaliyev.com/wp-content/uploads/1.-2024-GKS-U-Application-Guidelines-English.pdf
  2. Müraciət üçün formalar: https://niftaliyev.com/wp-content/uploads/3.-2024-GKS-U-Application-Forms.docx
  3. Tez-tez verilən suallar: https://niftaliyev.com/wp-content/uploads/4.-2024-GKS-U-FAQ.pdf
  4. Proqrama düşən təhsil müəssisələri və ixtisaslar: https://niftaliyev.com/wp-content/uploads/5.-2024-GKS-U-University-Information.zip
Paylaşmaq istəyirəm