Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Search in posts
post
page
Search in pages
Koreya dil kurslarına müraciət qaydaları

Koreya dil kurslarına müraciət qaydaları

Sonuncu yenilənmə tarixi: 8 ay öncə

Koreya dil kurslarına müraciət qaydaları barədə məqaləm koreya dilini Koreyada öyrənməyi hədəfləyən və planlaşdıran yoldaşlar üçün nəzərdə tutulmuşdur. Çalışacağam ki, bir sıra önəmli məqamlara aydınlıq gətirim.

Məqaləmdə əsasən Seoul National, Yeungnam, Sogang, Kookmin və Koreya universitetlərinin təklif etdiyi dil kursları barədə məlumat vermişəm. Lakin, qeyd olunan nüanslar aşağı-yuxarı digər univeristetlərə də şamil oluna bilər.

Tələb olunan sənədlər

Tələbələrin işlərini görərkən sənədlərin tələb olunan şəkildə hazırlanmasını xüsusi diqqətdə saxlayıram. Çünki, hansısa bir sənədin səhv formada doldurulması və ya natamam sənədləşmə universitetlərin neqativ cavabı ilə nəticələnə bilər. Elə bu baxımdan, baxaq ki, Koreyanın təhsil müəssisələri hansı sənədlərin hazırlanmasını tələb edir.

İlk öncə qeyd edim ki, sənədləşmə işində bir balaca fərqli məsələlər ortaya çıxır. Səbəb isə universitetlərin bir-birindən fərqli tələbləri ilə bağlıdır. Sənədləri vahid siyahı ilə vermə bilməsəm də, ümumiləşdirsək, adətən aşağıda qeyd olunan sənədləri görəcəyik:

  • Xarici pasport
  • Təhsil sənədləri
    • Məktəbi bitirən məzunlar attestatı, universiteti bitirən məzunlar isə bakalavr diplomu və əlavəsini (və ya magistratura diplomu və əlavəsi) 5 saylı ASAN xidmətdə apostil etdirməlidir;
  • Bank arayışı
    • Tələbənin adına açılmış bank hesabında adətən minimum 10.000 (on min) ABŞ dollarının olması tələb olunur;
    • Arayış ən köhnə halda 1 ay ərzində verilməlidir.
  • Şəkil
  • Ailə tərkibi haqqında arayış
  • Ailənin maddi gəlirlərini sübut edən sənədlər
    • Maaş və vəzifə göstərilməklə iş yerindən arayış hazırlanmalı və maaş kartından çıxarış əldə olunmalıdır;
    • Şəxsi biznesi olanlar isə biznesin varlığı və gəlirlərin sübutu ilə bağlı müvafiq sənədləri əldə etməlidirlər;
  • Vərəm test nəticələri
  • Koreyada yaşayan Koreya vətəndaşından zəmanət məktubu

Xüsusi qeydlər

Deməli, sənədlərlə bağlı önəmli məqamları izah edirəm. Hər şeydən əvvəl nəzərə alaq ki, bütün universitetlər yuxarıda qeyd olunan sənədlərin hamısını tələb etməyəcəkdir. Məsələn, vərəm testinin nəticələrini Kookmin Universiteti tələb etsə də, Yeungnam Universiteti üçün bu test nəticələri tələb olunmur.

Koreya və ya ingiliscə olmayan bütün sənədlər iki dildən birinə notarial şəkildə tərcümə, yəni el dilində desək, tərcümə və təsdiq olunmalıdır. Eynilə, çalışmaq lazımdır ki, köhnə sənədlərdən, məsələn vaxtı 1 ildən az qalmış xarici pasportdan, köhnə şəkil və/və ya ailə tərkibi haqqında arayışdan istifadə olunmasın. Bəzi universitetlərin isə daha spesifik tələbləri var.

Məsələn, Sogang Universiteti apostil şəhadətnaməsinin son 3 ayda verilməsini tələb edir, yəni tələbə attestatını (və ya digər təhsil sənədlərini) 1 il əvvəl apostil etdiribsə, universitet problem çıxardır. Eyniadlı universitet tələbədən Koreyada yaşayan Koreya vətəndaşı tərəfindən zəmanət məktubunun verilməsini də tələb edir.

Bu kimi qeyri-adi tələblər bütün universitetlərə aid olmasa da, xüsusi qaydalarla rastlaşmaq istisna olunmamalıdır. Yekun olaraq, sənədləşma qaydaları barədə dəqiq məlumat üçün müraciət olunacaq universitetlərlə əvvəlcədən əlaqə saxlanılmasını tövsiyə edirəm. İndi isə keçək müraciət tarixləri və qaydalarına.

Müraciət tarixləri

Koreyanın bir sıra universitetlərində dərslər yaz, yay, payız və qış rübləri olmaqla ildə 4 dəfə başlayır. Yaz rübü adətən mart, yay rübü iyun, payız rübü sentyabr, qış rübü isə dekabr ayında başlayır və hər rüb normalda 10 həftə (2 ay, 15 gün) davam edir. Elə bu baxımdan, Koreyada dil kursun üçün universitetlərin əksəriyyətinə il ərzində 4 dəfə müraciət etmək mümkündür.

Müraciət tarixlərində isə universitetlər arasında ciddi fərqlər olmur. Nümunə üçün payız rübünü (dərsləri sentyabrda başlayan) götürək və bir qədər daha aydın anlamaq üçün aşağıdakı cədvələ baxaq və daha sonra müraciət qaydalarına keçid edək.

Universitet Müraciət tarixləri Dərslərin müddəti Əlavə məlumat
Seoul National 01 may – 24 iyun 2024 02 sentyabr – 08 noyabr 2024 Keçid
Sogang 12 iyun – 24 iyul 2024 05 sentyabr – 20 noyabr 2024 Keçid
Kookmin 03-28 iyun 2024 12 sentyabr – 27 noyabr 2024 Keçid
Yeungnam 01 iyun – 09 avqust 2024 02 sentyabr – 15 noyabr 2024 Keçid
Korea 01 iyun – 12 iyul 2024 11 sentyabr – 26 noyabr 2024 Keçid

Müraciət qaydaları

Koreya dil kurslarına müraciət qaydalarına nəzər yetirdikdə, sənədləşmə ilə bağlı olan qeydləri təkrarlamağa məcburam. Müraciət proseduru da universitetə görə dəyişir və adətən 3 variantla baş tutur.

Birinci variant müraciətin onlayn sistem üzərindən aparılmasıdır. Məsələn, dil kurslarına müraciətləri Seoul National Universiteti bu portal, Sogang Universiteti isə bu portal üzərindən aparır. Yəni, tələbə sadəcə portalda qeydiyyatdan keçir, tələb olunan sənədləri portala yükləyir və müraciət rüsumunu ödəyərək işini yekunlaşdırır, vəssalam.

İkinci variant isə universitetlərə müraciətin elektron poçt (e-mail) ilə aparılmasıdır. Məsələn, Yeungnam və Kookmin Universitetləri tələb edir ki, müraciət edən şəxs öz sənədlərini onlara e-poçt vasitəsilə göndərsin. Yəni, hər hansı bir portaldan istifadə olunmur.

Üçüncü variant isə bir qədər yorucu və qəliz hesab edirəm. Qəlizlik də budur ki, məsələn, Korea Universitetinin dil kurslarına müraciət üçün tələb olunan sənədlər onların birbaşa fiziki adresinə (yəni, Koreyaya) göndərilməlidir. Bu işdə bir qədər risk var, çünki sənəd gec çata və ya itə bilər. Yorucudur, çünki bir sənəddə xırda problem çıxa bilər və ya əlavə bir sənəd tələb oluna bilər ki, bu da zaman itkisi deməkdir.

Təhsil haqqı və viza müraciəti

Soruşa bilərsiniz ki, təhsil haqqı ilə viza məsələsi niyə bir başlıqda qeyd etmişəm. Səbəbi budur ki, Koreya dil kurslarına müraciət qaydaları içərisində vizaya müraciət üçün tələb olunan minimal təhsil haqqı ödənişi var. Bir qədər ətraflı izah edim.

Dil kursuna müraciət edən tələbələr adətən D-4 vizasına (6 aydan artıq) müraciət edirlər və bu tipli vizaya müraciət etmək üçün universitetlər adətən 2 rübün ödənişini əvvəlcədən ödəməyi tələb edir. Hətta, məsələn, Hanyang Universiteti deyir ki, D-4 vizasına kimsə müraciət etmək istəyirsə, dil kursunun 1 illik təhsil haqqını əvvəlcədən tam şəkildə ödəməlidir. Bu kimi tələblər onunla izah olunur ki, tələbələr daha ucuz variantla (məsələn, 1 rübün ödənişi ilə) viza alırlar, Koreya ərazisinə daxil olurlar və illeqal şəkildə ölkədə işləyirlər və yaşayırlar.

Bir qədər də təhsil ödənişləri barədə məlumat verim. Araşdırdığım universitetlərin demək olar ki, hamısında dərslərin tezdən və ya günorta başlamasından asılı olaraq, təhsil haqqı dəyişə bilir. Tezdən başlayan dərslər (adətən, 09-dan günorta 1-2-ə qədər) daha baha olur. Rüblük təhsil haqqı isə yuxarıda adını çəkdiyim universitetlərdə 1,300,000 Cənubi Koreya vonundan (Yeungnam Universiteti) 1,830,000 Cənubi Koreya vonuna (Sogang Universiteti) qədər dəyişə bilir.

Yekun

Ümid edirəm ki, məqalə Koreyada dil öyrənmək istəyən, dil biliklərini inkişaf etdirməyi hədəfləyən yoldaşlara bir qədər də olsa, dəstək ola bildim. Hər zamankı kimi, tövsiyə edirəm ki, sənədləşmə qaydaları, müraciət proseduru, viza üçün minimal təhsil haqqı və digər önəmli nüanslar hədəflənən universitetlərin rəsmi nümayəndələri ilə mütləq dəqiqləşdiriməlidir. Çünki, xırda bir yanlış anlama nəticədə müraciətin mənfi cavabdırılması ilə nəticələnə bilər.

Paylaşmaq istəyirəm