Sonuncu yenilənmə tarixi: 3 həftə öncə
İsveçrədə magistratura təhsili barədə məqaləmə başlamamışdan əvvəl soruşa bilərsiniz ki, niyə ancaq magistratura. Çünki, İsveçrədə bakalavr təhsili əsasən ingilis dilində deyil, fransız, alman kimi dillərdə təklif olunur və Azərbaycanın 11 illik orta məktəb təhsili İsveçrənin birbaşa bakalavr təhsilinə başlamaq üçün tələblərinə (bir neçə istisna hallarda) cavab vermir. Xaricdə bakalavr təhsili haqqında yazdığım məqalədə bir qədər geniş məlumat verdiyim üçün burada yazılanları təkrarlamaq istəməzdim.
İsveçrə universitetləri və ixtisaslar barədə
Deməli, dünyada ən çox istinad olunan 3 reytinq saytı üzrə İsveçrə universitetlərinin sayına baxaq. “QS World University Rankings“-ə görə 11, “Times Higher Education”-a görə 13, “Academic Ranking of World Universities (Shanghai)“-ə görə is 9 İsveçrə təhsil müəssisəsi dünyada top universitetlərin siyahısındadır. ETH Sürix, Cenevrə, Lozanna Federal Texnologiya İnstitutu, Bern, Bazel və Lozanna universitetləri İsveçrənin ön sıralardakı təhsil müəssisələri hesab olunur.
İxtisaslar barədə onu qeyd edim ki, İsveçrənin universitetlərində xarici tələbələr üçün ingiliscə bir çox magistratura proqramları təklif olunur. https://studyinginswitzerland.com/study/ və ya https://studyprogrammes.ch/en keçidləri üzərindən İsveçrədə mümkün ixtisaslar barədə ilkin məlumatları əldə etmək mümkündür. Yazdığım 2 sayt universitetlərin rəsmi saytları deyil (ilkin məlumat üçün əladır və saytlar ümumi məlumat xarakterlidir) və bu baxımdan dəqiq məlumat (ixtisasın mövcudluğu, tələblər, müraciət üçün son tarix və s.) əldə etmək üçün universitetlərin öz rəsmi saytlarına istinad etmək lazımdır.
Təhsil haqqı və yaşam xərcləri
Bu 2 məsələni bir başlıqda vermək istəməyimin səbəbini izah edim. İsveçrənin dövlət təhsil müəssisələrində təhsil haqqı azdır. Məsələn, bakalavr və ya magistratura təhsili almaq istəyən tələbələr, semestr ərzində ETH Sürix və Lozanna Federal Texnologiya İnstitutunda 730 İsveçrə frankı, Bern Universitetində isə 750 İsveçrə frankı ödəniş etməlidirlər. Bir qədər araşdırma etsək, yenə də qarşılaşacağıq ki, dövlət universitetlərinin bir çox ixtisasları üzrə təhsil haqqı elə qeyd olunan civarlardadır. Özəl təhsil müəssisələrində isə rüsum bir qədər fərqlidir, yəni təhsil haqqı daha bahadır. Məsələn, SBS Swiss Business School-un Beynəlxalq biznes üzrə magistratura proqramının 1 illik təhsil haqqı 14300 İsveçrə frankıdır. Keçək, yaşayış xərclərinə.
Numbeo saytına əsasən Bazel, Lozanna, Sürix, Bern və Cenevrə dünyanın ən bahalı 10 şəhəri içərisindədir. Məsələn, Bazel şəhərində 1 nəfərin aylıq yaşayış xərcləri 1600-1700 İsveçrə frankına bərabərdir. ETH Sürix Universitetinin hesablamasına görə isə Sürixdə bir tələbənin aylıq yaşayış xərci təxminən 1850 İsveçrə frankıdır. Yəni, İsveçrənin dövlət universitetlərində təhsil almaq istəyən tələbələr bir illik büdcəni əsasən təhsil haqqı ilə yox, yaşayış xərcləri ilə hesablamalıdırlar. Nümunə üçün deyim ki, məsələn, bir tələbə Bern Universitetində (Bern şəhəri) təhsil almaq istəyərsə, 1500 frank illik təhsil haqqı və 16000 frank (1 ay üçün 1600 frank və 10 aylıq təhsil müddəti ilə) illik yaşayış büdcəsini təmin edə bilməlidir.
İsveçrə universitetlərinə müraciət qaydaları
Bir çox İsveçrə universitetlərində müraciət tarixləri adətən cari ilin noyabr ayından başlayır. Bu o deməkdir ki, tələbə bakalavr təhsilinin son ilinin əvvəlində (sentyabr-oktyabr aylarında) artıq müraciət üçün hazırlıq işlərinə başlamalıdır. Son müraciət tarixlərinə gəlincə isə, bir sıra universitetlər adətən 2 dedlayn (son müraicət tarixi) tətbiq edirlər: dekabr-yanvar və aprel. Ciddi şəkildə tövsiyə olunur ki, tələbələr öz işlərini çalışıb ilk dedlayna qədər (yəni, dekabr-yanvar) yekunlaşdırsınlar.
Müraciət üçün tələbələrdən standart hesab etdiyimiz təhsil sənədləri (diplom/arayış və transkript), xarici pasport və dil biliyini göstərən beynəlxalq sertifikat, referans məktubları və motivasiya məktubu tələb olunur. Bəzi universitetlər tələbədən daxili imtahan və/və ya tələb edə bilərlər. Əksər təhsil müəssisələri qəbul prosesini müraciət portalları vasitəsilə və onlayn formada aparır. Bəzi hallarda, tələbədən hansısa bir sənədin poçt vasitəsilə göndərilməsi də tələb oluna bilər.
Universitetə qəbul prosesini uğurla başa vuran tələbələr son addım olaraq İsveçrənin Azərbaycandakı səfirliyinə müraciət etməlidirilər ki, vizalarını rəsmiləşdirə bilsinlər.