Sonuncu yenilənmə tarixi: 3 il öncə
Hərbi xidmətə çağırışa möhlət və xaricdə təhsil məsələsi sıradan bir vətəndaşa sadə gələr və onu narahat etməyə bilər. Amma, artıq bir neçə ildir ki, bu sahənin, yəni xaricdə təhsil üzrə konsultasiya xidmətinin içində olduğum üçün bu mövzuya toxunmasam, narahatlığım daha da artar. Mövzuya yanaşmam, maddi maraqları olan bir şəxs kimi deyil, qanunların şəffaf və hamı üçün bərabər çalışmağını arzulayan bir vətəndaş kimi olacaqdır.
Qanunlarımız nə deyir?
Bizim qanunlarımızda çox ciddi boşluqlar olduğunu deyə bilmərəm. Bir-bir baxaq ki, təhsillə bağlı əsas qanunvericiliklər hansılardır.
Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsi təhsilə həsr olunub. Bu maddənin 1-ci bəndinə əsasən “Hər bir vətəndaşın təhsil almaq hüququ vardır”. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsi təhsil hüququna dövlət təminatı ilə bağlıdır. Bu qanunun 5-ci maddəsinin 1-ci və 2-ci bəndində açıq-aşkar qeyd olunur ki, dövlət, heç bir ayrı seçkilik etmədən, vətəndaşının təhsil alması üçün şərait yaradılmasına təminat verir. Digər bir qanun, “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR-nın qanununda da təhsil almaqla bağlı bir məhdudiyyət yoxdur. Müvafiq qanunun 18-ci maddəsi çağırışa möhlət verilməsinin əsasları ilə bağlıdır. 18-ci maddənin 1-ci bəndinin 3-cü abzasına (18.1.3.) əsasən hərbi xidmət yaşına çatmış kişilər, təhsilini davam etdirmək üçün möhlət almaq hüququna malikdirlər. Sonuncu qeyd etdiyim qanunun 21-ci maddəsi isə sırf təhsillə bağlı şərtlərə həsr edilib. Bütün maddələri təkrarçılıq edib, bura yazmaq istəməsəm də, bir bənd xüsusilə marağımı çəkdi. 21-ci maddənin 2-ci bəndi deyir ki, “Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar”, yəni tələbə, hansısa bir səbəblə universitetdən kənarlaşdırılırsa (və ya özü çıxırsa), narahat olmalı deyil, çünki dövlət ona 6 ay vaxt verir.
Nə baş verir?
Həm şirkət əməkdaşı, həm də indiki müstəqil fəaliyyət göstərdiyim vaxtda bir çox tələbə bildirir ki, “voyenkomat” onlardan qəbulla bağlı sənəd tələb edir. Qəbul sənədlərini iyulun 1-nə qədər gətirə bilməyən tələbələrin isə müddətli həqiqi xidmətə, el dilində desək, əsgərliyə aparılacağı bildirilir. Bura kimi gözəldir, elə deyilmi? Amma, gəlin, o biri tərəfə baxaq.
Xaricdə yerləşən universitetlər öz qəbullarını Azərbaycandakı vəziyyətə uyğun olaraq hesablamırlar. Yəni, məsələn, Polşanın Adam Mitskeviç Universiteti Biotexnologiya üzrə magistratura proqramına müraciətin cavablarını iyulun 25-i elan edir. Tələbə, də iyunun 1-i sistem açılan kimi müraciət edir və cavabları gözləyir. Evdə cavabları gözlədiyi vaxtda, “voyenkomat”-dan bir nəfər zəng edir ki, bəs, dur, hazırlaş gəl, səni aparırıq əsgərliyə. Tələbə, and-aman edir ki, müraciət etmişəm, cavablar filan bir vaxtda çıxacaq və mən də, ancaq o universiteti hədəfləyirəm, çünki bu il təhsil haqqı tam ödənişsiz olacaq. Qarşı tərəf isə deyir ki, dəxli yoxdur, ya bu dəqiqə qəbul gətir, ya da ki, əsgərlik.
Xaricdəki universitetlərdə təhsil almaq üçün hazırlaşanlar bilirlər ki, xarici universitetlər bir çox hallarda tələbəyə “ilkin qəbul”, təhsil haqqı ödəndikdən sonra isə “tam (ya yekun) qəbul” sənədini verir. “Voyenkomat”-ın tələbəni yalnız “tam qəbul” sənədi ilə sıxması, istənilən halda tələbəni əlavə xərcə salır. Çünki, tələbə, öz hədəflədiyi universitetin qəbul sənədini əldə etməkdən ötrü istəmədiyi və oxumayacağı bir universitetin təhsil haqqını ödəyib, canını bir cürə qurtarmalıdır. Ya da ki, zəng edən adamla bir təhər “dil tapmalıdır”.
Mən nə edə bilmişəm?
Yazının lap əvvəlində dediyim kimi bu kimi məsələlərə ancaq maddi tərəfləri düşünən bir çox xaricdə şirkət işçiləri (və ya sahibləri) kimi yox, sırf vətəndaş kimi baxdığım üçün 13 aprel 2022-ci ildə Milli Məclisə elektron formada müraciət göndərmişəm və bildirmişəm ki, hərbi xidmətə çağırış məsələləri maksimum şəffaflaşdırılmalı və xaricdə təhsil almaq istəyən tələbələr üçün süni maneələr yaradılmalı deyil. “Vətəndaşların müraciətləri haqqında” AR-nın qanununun 10-cu maddəsinə əsasən müraciətə baxılması müddəti 15 iş günündən 30 iş gününə qədər olduğu üçün hələ ki, müraciətimin cavablandırılmağını gözləyirəm.
2021-ci ildə (səhv etmirəmsə, may ayı) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə zəng vurub, “voyenkomat”-ın tələbənin sənədini qəbul etmədiyini bildirsəm də, demişdilər ki, belə bir şey ola bilməz. Əlavə olaraq bildirmişdilər ki, kiminsə şikayəti varsa, birbaşa bizə (yəni, adını qeyd etdiyim Dövlət Xidmətinə) müraciət edə bilər və məsələ araşdırılar.
Əslində necə olmalıdır?
Nəyin baş verdiyini və qanunvericilik barədə yazdığım hissələri diqqətlə analiz edən adam artıq bilir ki, qeyd olunan bütün qanunlar pozulur. Yəni, “voyenkomat”-ın tələbəyə “Get, tam qəbul sənədi gətir” kimi bir yanaşması leqal olaraq heç bir qanunvercilikdə öz əksini tapmır. Tələbəyə deyilməli deyil ki, ilkin (və ya şərti) qəbul sənədi hərbi xidmətdən möhlət üçün əsas sayılmır. Əksinə, ilkin qəbul sənədinin əsas sayıla bilməməsi üçün heç bir yazılmış qanun və qaydalar yoxdur. Dolayısıyla, “voyenkomat” tələbənin verdiyi istənilən bir sənədi (ilkin/şərti/tam qəbul sənədi) yoxlamalı, saxta olmadığına əmin olmalı və möhlət hüququnu tanımalıdır. Daha sonra isə sentyabr ayında sui-istifadənin qarşısını almaq üçün tələbədən universitetdə həqiqətən oxumağı ilə bağlı arayış tələb olunmalıdır. Çünki ola bilər ki, tələbə, heç bir təhsil haqqı ödəmədən ilkin qəbul sənədini “voyenkomat”-a təqdim edərək möhlət alır, lakin təhsil almır.
Şəxsən, mən bir vətəndaş kimi düşünürəm ki, Azərbaycandakı təhsilini bitirmək üzərə olan tələbələrin hərbi xidmətə çağırış prosesi, ilk 3 ay üçün könüllülük prinsipi ilə nizamlanmalıdır. Yəni, hərbi xidmətə başlamaq istəyənlər, könüllü şəkildə bu xidmətə yollanmalıdır. Təhsil planları olanlar isə rahat şəkildə işlərini yekunlaşdırmalı və sentyabra qədər neqativ həyəcanla yaşamamalıdır. Bu həm təhsil üçün dövlətin tam təminatına şərait yaradar, həm də “voyenkomat”-ların qeyri-şəffaf yanaşmasına son qoyar.