Sonuncu yenilənmə tarixi: 6 ay öncə
Estoniya təhsil vizasına müraciət qaydaları haqqında yazımıza başlamadan öncə, istərdim ki, bu ölkə haqqında yazdığım təhsil və təqaüd imkanları ilə bağlı məqaləmə də göz gəzdirəsiniz. Əvvəlcədən bildirim ki, Estoniyanın uzunmüddətli (D tipli) vizasının təhsil xətti ilə alınması üçün bu ölkənin Ankaradakı konsulluğuna müraciət etmək lazımdır.
Tələb olunan sənədlər
Digər vizalarla bağlı yazdığım məqalələrdə də, sənədləşmə hissələrini adətən 2 hissəyə bölürəm. Birinci siyahıdakı sənədləri səfirlik, konsulluq və ya viza mərkəzi mütləq tələb edir. İkinci siyahıdakı sənədləri isə tələbələrə hər zaman yanında aparmaqlarını tövsiyə edirəm. Çünki, səfirliyin tələb olunmayan sənədləri də sonradan istəməyi ilə rastlaşmışıq.
Keçək, əsas sənədlərə və hazırlanma qaydasına.
- Pasport
- Xarici pasportun bitmə tarixinə minimum 15 ay (vizanın son günü + 3 ay) qalmalıdır;
- 2 boş səhifəsi olmalıdır;
- 1 ədəd surəti (əsas, vizalar, ölkələrə giriş-çıxış möhürləri olan səhifələr) çıxarılmalıdır.
- Milli viza üçün ərizə forması
- https://eelviisataotlus.vm.ee/ linki üzərindən doldurulmalıdır;
- Forma 1 ədəd hazırlanmalıdır;
- Bütün səhifələrin sonunda və ərizənin sonunda imza çəkilməlidir.
- Ərizə üçün rəngli fotoşəkil
- 1 ədəd tələb olunur;
- Ölçüləri 3.5×4.5 sm, ağ fonda və biometrik olmalıdır;
- Ən köhnə halda 6 ay ərzində çəkilməlidir.
- Tibbi sığorta
- Sığorta məbləği 30.000 avro hesablanmalıdır;
- Bütün Şengen ölkələri üçün (bax: Şengen zona) keçərli olmalıdır.
- Maliyyə dəstəyinin sübutu
- Maliyyə sənədləri qeyd olunan variantların biri (və ya bir neçəsi) ilə sübut oluna bilər:
- təqaüd qazanılması barədə məktubla;
- sponsor tərəfindən verilmiş zəmanət məktubu ilə;
- bank hesabı və həmin hesaba minimal məbləği (2023-cü il üçün minimum 9,600 avro) mədaxil etməklə;
- müntəzəm gəlirləri sübut edən digər (məsələn, daşınmaz əmlak kirayəsi, səhm gəlirləri və s.) sənədlərlə.
- İngilis dilinə notarial tərcümə olunmalıdır.
- Qəbul məktubu
- Universitet tərəfindən göndərilmiş yekun qəbul və ya tələbə kimi qeydiyyat sənədi.
- 18 yaşına çatmamış tələbələr üçün
- Tələbənin doğum haqqında şəhadətnaməsi
- Ədliyyə nazirliyi tərəfindən apostil şəhadətnaməsi ilə təmin olunmalıdır;
- İngilis dilinə notarial tərcümə olunmalıdır;
- 1 ədəd surəti çıxarılmalıdır.
- Tələbənin xaricə sərbəst şəkildə səfər etməsi və maddi öhdəliyi üçün ərizə
- Tələbənin xaricə sərbəst şəkildə səfər etməsi üçün ərizə hər iki valideyn tərəfindən notarial qaydada verilməlidir;
- Maddi öhdəlik ərizəsi hər hansı bir valideyn tərəfindən notarial qaydada verilməlidir;
- İngilis dilinə notarial tərcümə olunmalıdır;
- 1 ədəd sadə surəti çıxarılmalıdır.
Dəstəkləyici sənədlər qisminə isə bunları əlavə etmək olar.
- Şəxsiyyət vəsiqəsi
- 1 ədəd surəti çıxarılmalıdır.
- Məhkumsuzluq barədə arayış
- ASAN xidmət mərkəzindən əldə olunmalı və 6 aydan köhnə olmamalıdır;
- 5 saylı ASAN xidmət mərkəzində Xarici işlər nazirliyi (Konsulluq xidmətləri) tərəfindən apostil şəhadətnaməsi ilə təmin olunmalıdır;
- İngilis dilinə notarial tərcümə olunmalıdır;
- 1 ədəd surəti çıxarılmalıdır.
- Əvvəlki təhsilin sənədləri
- Bakalavr üçün attestat, magistratura oxuyacaq tələbələr üçün isə bakalavr diplomu (və ya arayış) və diplom əlavəsi (və ya transkript) hazırlanmalıdır;
- Yalnız attestat, original diplom və original əlavəsi 5 saylı ASAN xidmət mərkəzində Xarici işlər nazirliyi (Konsulluq xidmətləri) tərəfindən apostil şəhadətnaməsi ilə təmin olunmalıdır;
- İngilis dilinə notarial tərcümə olunmalıdır;
- 1 ədəd surəti çıxarılmalıdır.
- Təhsil haqqının ödəniş sənədi
- Təhsil haqqının ödənişini sübut edən bank sənədinin əsli;
- 1 ədəd sadə surəti çıxarılmalıdır.
- Yaşayış yeri barədə sənəd
- Yataqxana, kirayə ev və ya otel bron sənədi.
- Uçuş biletinin bronu
- Təktərəfli təyyarə bilet bronu.
- Dil biliyinin sübutu
- Beynəlxalq dil sertifikatının əsli və surəti (əgər varsa);
- Əvvəlki təhsilin ingiliscə alınması ilə bağlı arayışın əsli və surəti (əgər varsa).
Görüş gününün götürülməsi və rüsumlar
Estoniya vizası üçün sənədlərin təqdim olunmasına görə görüş günü https://broneering.mfa.ee/en/ saytı üzərindən götürülür. Əgər, saytda texniki bir problem varsa (2023-cü ilin iyul-avqust aylarında problem var idi), ankara@mfa.ee ünvanına e-poçt yazılmalı və görüş üçün vaxt istənilməlidir. Səfirlik tələbə üçün gün təyin etdikdən sonra, Estoniyanın Ankaradakı konsulluğunda şəxsi iştirak tələb olunur. Yəni, viza müraciəti zamanı sənədləri poçtla göndərmək mümkün deyil.
Viza müraciəti üçün tələb olunan rüsumu 100 avrodur (2023-cü il üçün) və Estoniyanın Ankaradakı səfirliyində nağd şəkildə ödənilir.
Əlavə qeydlər
Sonda isə əlavə qeydlərimi punktlarla bölüşmək istərdim.
- Səfirlik əlavə sənədlər tələb etmək hüququnu özündə saxlayır;
- Vizanın cavablandırılması üçün müddət 5-15 gündür;
- Səfirlik viza qərarı verilənədək pasportu özündə saxlamır, yəni vizaya müraciət olunduqda, ərizəçi pasportunu geri götürə bilər;
- Viza müraciəti üçün sənədlərin tam şəkildə təqdimatı vizanın müsbət qərarlandırılacağına zəmanət vermir;
- Bax: imtina səbəbləri;
- Səfirliyin rüsumu istənilən halda geri qaytarılmır.
Səfirliyin əlaqə vasitələri
Ünvan: Gölgeli Sokak No:16, Gaziosmanpaşa, 06700 Ankara, Türkiyə
Əlaqə nömrəsi: +903124056970
Veb səhifə: https://ankara.mfa.ee/