Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Search in posts
post
page
Search in pages
Almaniyada ödənişsiz təhsil

Almaniyada ödənişsiz təhsil

Sonuncu yenilənmə tarixi: 1 il öncə

Almaniyada ödənişsiz təhsil barəsində həm xaricdə təhsil şirkətləri, həm də dost-tanışlardan eşitməmiş olmazsınız. Məsələ budur ki, ya sizə natamam məlumat verilir, ya da maddi maraqlara görə şirkət (və ya şəxs) əsas məlumatları sizdən gizlədir. Bu baxımdan, Almaniya və ödəniş təhsil məsələsində bir neçə nüansa diqqət etməyiniz lazımdır. Almaniyada ödənişsiz təhsil imkanları ilə bərabər digər önəmli məqamlara da qısa şəkildə aydınlıq gətirməyə çalışmışam.

Sıfır ödəniş?

Xeyr, Almaniyada tamamilə ödənişsiz təhsil mümkün deyil. İstənilən variantda tələbə universitetin hesabına contribution fee kimi nəzərdə tutulan məbləği ödəməlidir. Bu məbləğ Almaniyanın ştatlarından asılı olaraq illik 260 avrodan 3,000 avroya qədər dəyişə bilər. Yadda saxlamaq lazımdır ki, bu şərtlər yalnız dövlət universitetləri üçün keçərlidir və eyni zamanda, Almaniyanın bütün ştatları contribution fee məsələsində azaddırlar. Buna görə də rəqəmlər stabil deyil və dəyişir. Məsələn, Bavariya ştattının Münhen Texniki Universiteti üçün illik 260 avro rüsum ödənildiyi halda, Baden-Vürtemberqin Tübinqen Universitetində illik 3,000 avro təhsil haqqı və əlavə olaraq 300 avro contribution fee ödənilməlidir. Özəl universitetlərə gəlincə isə, bu rəqəmlər hətta 25,000 avroya da gedib çıxır.

Ştatlar və şəhərlər üzrə Almaniyanın xəritəsi
Ştatlar və şəhərlər üzrə Almaniyanın xəritəsi

Almanca təhsil və təhsil haqqı

Yuxarıda bildirildiyi kimi, nəzərdə tutulan ödənişlər həm almanca, həm də ingiliscə təhsil almağı hədəfləyən tələbələrə aiddir. Yəni, əgər Almaniyanın hansısa bir ştatında müəyyən bir rüsum tələb edilirsə, bu, xarici ölkədən gələn (Avropa İttifaqı vətəndaşlarından başqa) tələbələrə aid olunur. Burada əsas məsələ ingiliscə və ya almanca təhsil almaq deyil, vətəndaşlıqdır. Məsələn, Münhen Texniki Universitetində almanca da, ingiliscə də təhsil almağı hədəfləyən xarici vətəndaş 260 avro civarında illik rüsumu ödəməlidir. Digər bir məsələ isə, alman dilində oxumaq şərtləri ilə bağlıdır. Əgər tələbə almanca təhsil almağı hədəfləyirsə, qəbul üçün alman dilini minimum B2 səviyyəsində (məsələn, TDN 3) bilməlidir. Əlavə olaraq qeyd edim ki, Almaniyada hüquq və tibb üzrə təhsil yalnız alman dilində mümkündür.

Viza üçün depozit

Deyək ki, tələbə bir alman universitetinə qəbul alır və universitet ondan illik 600 avro rüsum ödəməyi tələb edir. 600 avro rüsum ödəmək, böyük ehtimalla, orta gəlirli bir azərbaycan ailəsi üçün problem olmaz. Əsas məsələ budur ki, viza almaq üçün alman bank hesabı açdırmaq və həmin hesabda 11,208 avro depozit məbləği göstərmək lazımdır. Burada önəmli məqam viza alındıqdan sonra belə o pulu birdəfəyə hesabdan çıxarmağın mümkün olmaması ilə bağlıdır. Yəni, alman hökuməti tələbənin bir illik minimal xərclərini sığortalamaq məqsədi ilə, o puldan yalnız aylıq 934  avro (934x12ay=11,208 avro) xərcləməyə imkan verir. Bu səbədən də, tələbələr əsasən təqaüd proqramlarına müraciət edirlər.

Təqaüd imkanları

Almaniya üçün təqaüd imkanları çoxdur. Səbəb budur ki, bu ölkədə təhsil səviyyəsi həm qitə, həm də dünya sıralamasına görə çox öndədir. Bu baxımdan, həm təşkilatlar, həm şirkətlər, həm də dövlət özü maddi cəhətdən çətinliyi olan, amma talantlı tələbələri dəstəkləyirlər. Ən çox müraciət olunan təqaüd proqramlarından biri, bəlkə də birincisi DAAD-ın təqdim etdiyi proqramlardır. DAAD təqaüd proqramlarına görə müəyyən tələblər qoyur. Sözsüz ki, önəmli məsələ yekun qiymət ortalamasının (CGPA) yüksək olmasıdır. Eyni zamanda, ingilis dilini çox yaxşı bilmək lazımdır (məs.: IELTS 7,0-7,5 səviyyəsində). İstənilən halda, alman dilini, orta səviyyədə belə bilmək təqaüdü əldə etmək şanslarını artırır. Şansları artırmaq üçün tövsiyə (və ya referans) məktubları, tələbənin sosial-akademik fəaliyyəti, şəxsi motivasiyası da çox önəmlidir. Qeyd edim ki, Almaniyada təqaüd imkanları barədə internetdə çoxlu sayda məlumat var. Yəni, Almaniya üçün təqaüd dedikdə, təkcə DAAD ilə kifayətlənmək lazım deyil.

Paylaşmaq istəyirəm